Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə təkmilləşdirilmə aparılacaq.
“APA-Economics”in məlumatına görə, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənmiş “Sığorta sektorunun inkişafına dair 2019–2021-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.
Sənədə əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası, Maliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Daxili İşlər Nazirliyi 2019-2020-ci illərdə sığorta haqlarının risklərə uyğun olaraq differensial müəyyən edilməsi və sığorta hadisələri zamanı tənzimləmənin müstəqil ekspertlər vasitəsilə aparılmasının tətbiqi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflərini təqdim etməlidirlər. Bu təkliflər əsasında “İcbari sığortalar haqqında” qanun təkmilləşdirilməlidir.