2021-ci ildə Azərbaycan yol infrastrukturunun yaxşılaşması (Dünya Bankı) və COVID-19 pandemiyasının törətdiyi mənfi təsirlərlə büdcəyə dəstək olmaq üçün (Asiya İnkişaf Bankı (AİB) və Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB)) 415 mln. ABŞ dolları məbləğində üç kredit sazişi imzalayıb.
"APA-Economics"in məlumatına görə, bu, Nazirlər Kabinetinin 2021-ci il üzrə hesabatında əks olunub.
Yenikənd-Biləsuvar yolunun yenidən qurulması məqsədilə Dünya Bankı "Regional Yollar və İnkişaf Layihəsi" üzrə Azərbaycana 11 il müddətinə 65 mln. dollar məbləğində kredit ayırıb.
Ötən ilin noyabr ayında isə Azərbaycan hökuməti ilə AİB arasında Azərbaycanın COVID-19 pandemiyasının mənfi sağlamlıq, sosial və iqtisadi təsirlərini azaltmaq üçün hərtərəfli planının həyata keçirilməsinə kömək məqsədi ilə 250 mln. dollar məbləğində kreditin ayrılmasına dair müqavilə imzalanıb. Bundan əlavə, AİİB ilə də 100 mln. dollar məbləğində 10 il müddətinə LIBOR üstəgəl 0,5% dərəcəsi ilə kredit müqaviləsi imzalanıb.