2023 ilin avqustun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 44 milyard 880,3 milyon manat təşkil edib.
"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici cari ilin iyul ayının 1-i ilə müqayisədə 0.7% azalıb, 2022-ci ilin avqustun 1-i ilə müqayisədə isə 7.9% artıb.
Bankların aktivlərinin 21 milyard 372 milyon manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 15,6% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 44.4%-dən 47.6%-ə yüksəlib.
Hesabat dövründə, bank sektorunun öhdəlikləri 7.1% artaraq 39 milyard 41.2 milyon manata, o cümlədən depozit portfeli 7.6 % artaraq 31,841.1 milyon manata çatıb. Bunun 12 milyard 429.3 milyon manatı fiziki, 19 milyard 411.8 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 17.2%, şirkətlərin banklardakı vəsaitləri isə 2.2 % artıb.
Bank sektorunun balans kapitalı 5 milyard 839.1 milyon manat təşkil edib ki, bu göstərici ilin iyul ayının 1-i ilə müqayisədə 1.2% və ya 73.6 milyon manat azalıb, 2022-ci ilin avqust ayının 1-i ilə müqayisədə isə 13.6% artıb.