2023-cü ilin yanvar-may ayları ərzində Azərbaycanın sığorta şirkətləri avtonəqliyyat vasitələrinin sığortası (KASKO) üzrə 17 milyon 994,1 min manat sığorta haqqı toplayıb.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə 16.5% və ya 2 milyon 543,5 min manat çoxdur. Ötən ilin yanvar-may aylarında KASKO sığorta üzrə 15 milyon 450.6 min manat sığorta haqqı toplanıb.
Bu dövrdə avtonəqliyyat vasitələrinin sığortası üzrə ödənişlərinin həcmi 7 milyon 573 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 7.3% və ya 515.9 min manat çoxdur. 2022-ci ilin ilk 5 ayında bu sığorta növü üzrə ödənişlərin həcmi 7 milyon 57.1 min manata bərabər olub.
Qeyd edək ki, ötən ilin ilk 5 ayında sığorta şirkətləri bu sığorta növü üzrə topladıqları hər 100 manatdan 45.7 manatını ödənişə yönəltmişdirsə, cari ilin ilk 5 ayında bu rəqəm 42 manat təşkil edib.