2023-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycanda könüllü sığorta növləri üzrə 559 milyon 287 min manat, icbari sığorta növləri üzrə 202 milyon 513 min manat sığorta haqqı toplanılıb.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə könüllü sığorta növləri üzrə toplanan sığorta haqqları 27.5% və ya 120 milyon 577 min manat, icbari sığorta növləri üzrə sığorta daxil olmaları isə 42.8% və ya 60 milyon 723 min manat artıb.
Qeyd edək ki, hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 18.5% artaraq 221 milyon 326 min manat, icbari sığorta növləri üzrə ödənişlərin həcmi isə 13.4% artaraq 61 milyon 651 min manata bərabər olub.
Beləliklə, cari ilin yanvar-iyul aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 39.6 manat sığorta ödənişi edilib. Bu rəqəm 2022-ci ilin ilk 7 ayında 42.5 manata bərabər olub. Bu ilin yanvar-iyul ayları ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 30.4 manat təşkil edib ki, bu göstərici ötən ilin ilk 7 ayında 38.3 manata bərabər idi.