Bu ilin martın 1-nə Azərbaycanda kredit təşkilatlarında (banklar, BOKT, kredit ittifaqları) əhalinin kreditləri 17,587 mlrd. manat təşkil edib. Bu, illik müqayisədə 20,3% çoxdur.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, kreditlərin 25,22%-i xarici valyutadadır və beləliklə, kreditlərin dollarlaşması statistikanın əlçatan olduğu tarixdən – 2001-ci ildən bəri ən aşağı səviyyədə qalmaqdadır.
Qeyd edək ki, son bir ildə kreditlərin dollarlaşması 3,6 faiz bəndi azalıb. Kreditləri dollarlaşmasının pik həddi isə 2001-2005-ci illərdə müşahidə olunub – 60%-in üstündə. 2006-cı ildə manatın 5000:1 nisbətində denominasiyasından sonra bu nisbət tədricən azalaraq indiki səviyyəyə enib.