2021-ci ilin yekunlarına görə, Azərbaycan xaricdən ümumilikdə 4,795 mlrd. ABŞ dolları dəyərində birbaşa investisiyalar cəlb edib. Bu, illik müqayisədə 5,9% çoxdur.
Bu barədə "APA-Economics" Azərbaycan Mərkəzi Bankının məlumatlarına istinadən xəbər verir.
Lakin sözügedən investisiyaların repatriasiyası (-6,960 mlrd. dollar) səbəbindən (qoyulan investisiyaların investorun ölkəsinə qayıtması) ölkənin xaricdən cəlb olunmuş xalis birbaşa investisiya balansı mənfi olub və 2,165 mlrd. dollar təşkil edib. 2020-ci ildə sözügedən balans müsbət idi – 55,5 mln. dollar.
Ötən il Azərbaycan tərəfindən xaricə yönəldilmiş birbaşa xalis investisiyalar həcmi isə 77 mln. dollar təşkil edib. Bu, illik müqayisədə 10,7 dəfə azdır.
Nəticədə, ötən il Azərbaycanın xalis birbaşa investisiya balansının kəsiri 2,242 mlrd. dollar və ya ÜDM-in 4,1%-ni təşkil edib. Bu, illik müqayisədə 2,9 dəfə, ÜDM-in payında isə 2,29 faiz bəndi artıb.