“Bank of Baku” 2023-cü ilin 9 ayı üzrə maliyyə hesabatlarını açıqlayıb. Bu dövrdə “ Bank of Baku”nun öhdəliklərində kəskin artım baş verib. Belə ki, bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri illik müqayisədə 2.5 dəfə və ya 83 milyon 638 min manat artaraq 137 milyon 698 min manat olub.
“APA-Economics” banka istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində “Bank of Baku”nun xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə 21% azalaraq 24 milyon 317 min manat təşkil edib. 2022-ci ilin müvafiq dövründə bank 30 milyon 774 min manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə bankın faiz gəlirləri 32% artaraq 94 milyon 116 min manat, faiz xərcləri isə 90.3% artaraq 29 milyon 339 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 9,6 milyon manata ( illik müqayisədə 10% çox ), qeyri-faiz xərcləri isə 50.2 milyon manata ( illik müqayisədə 31% çox) bərabər olub. Beləliklə bank bu dövrdə 24 milyon 168 min manat əməliyyat mənfəəti əldə edib.
Cari ilin oktyabrın 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 64% və ya 319 milyon manat artaraq 816 milyon 529 min manata yüksəlib. Cari ilin ilk 9 ayında “ Bank of Baku”nun kredit portfeli (müştərilərə verilmiş kreditlər) 55.4% və ya 229.2 milyon manat artaraq 643 milyon 85 min manata çatıb. Bankın kredit portfelində istehlak kreditləri 452.3 milyon manat ,biznes kreditləri 157.7 milyon manat, daşınmaz əmlak kreditləri isə 32.9 milyon manat təşkil edib.
Bu dövrdə “Bank of Baku”nun cəmi öhdəlikləri 678 milyon 710 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 68.4% və ya 275.6 milyon manat çoxdur. Bankın depozit portfeli də cari ilin ilk 9 ayında 82.8% və ya 204.6 milyon manat artaraq 451 milyon 780 min manata yüksəlib.
2023-cü il oktyabr ayının 1-nə “Bank of Baku”nun cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 45.9% və ya 43 milyon 343 min manat artaraq 137 milyon 818 min manat təşkil edib.