Hər il dövlət büdcəsi tərtib edilərkən büdcənin sosial yönümlü olmasına xüsusi diqqət yetirilmişdir. Bunun nəticəsidir ki, 2003-2023-cü illərdə sosial təyinatlı büdcə xərcləri 20 dəfədən çox artıb.
APA xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Prezident İlham Əliyevin prezidentliyinin 20 illiyinə həsr olunmuş “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətinin 20 ili” adlı konfransda çıxışı zamanı deyib.
“Cənab Prezidentin rəhbərliyi altında keçən dövrdə orta aylıq nominal əməkhaqqı 12 dəfə, minimum əməkhaqqı isə 38 dəfədən çox artıb. Son 20 ildə orta aylıq pensiya 18 dəfəyə yaxın, minimum pensiya məbləği isə 14 dəfə yüksəlib”, - o əlavə edib.
Əli Əsədov, eyni zamanda, yoxsulluğun azaldılmasına, məşğulluq imkanlarının artırılmasına, işsizliyin aradan qaldırılmasına, qaçqın və məcburi köçkün ailələrinin güzəranının yaxşılaşdırılmasına yönəlmiş ardıcıl tədbirlər görüldüyün qeyd edib:
“Əgər 20 il əvvəl yoxsulluq şəraitində yaşayan insanların sayı 45 faizə yaxın idisə, aparılan işlər nəticəsində hazırda cəmi 5,5 faiz təşkil edir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar yaralanmış və əlil olmuş şəxslərin müalicəsi, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial-məişət şəraitinin yaxşılaşdırılması daim dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir”.
Baş nazir deyib ki, Tarixi Zəfərdən sonra indi artıq qaçqın və məcburi köçkün statusundan qurtulmuş soydaşlarımızın vaxtilə düşdükləri ağır yaşayış şəraitinin yaxşılaşdırılması və onların sosial problemlərinin həlli sahəsində həyata keçirilmiş proqramlar çərçivəsində 121 qəsəbə və yaşayış kompleksi inşa edilib.
“Prezident İlham Əliyev dövlət qurumlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara yüksək səviyyəli xidmətlərin göstərilməsi istiqamətində bir çox inqilabi islahatların müəllifidir”, - o, əlavə edib.
Baş nazir 2012-ci ildən sırf Azərbaycan brendi olan, gündən-günə bütün ölkə üzrə öz xidmət dairəsini genişləndirən “ASAN xidmət” əhalinin rahatlığının təmin edilməsi sahəsində dövlət siyasətini müvəffəqiyyətlə gerçəkləşdiyini də deyib:
“Cənab Prezidentin rəhbərliyi altında aparılan sosial siyasətin bir istiqaməti də rəqabətqabiliyyətli insan kapitalının formalaşması və yüksək ixtisaslı kadrların yetişdirilməsidir. Bu məqsədlə son 20 ildə dövlət büdcəsindən təhsilə ayrılan xərclər 19 dəfə artıb”.
Əli Əsədov səhiyyə sahəsinin inkişafı istiqamətində islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən biri olduğunu əlavə edib:
“2003-2023-cü illərdə dövlət büdcəsindən səhiyyəyə ayrılan xərclər 33 dəfə artıb. 2019-cu ildən ölkədə geniş tətbiqinə başlanılan İcbari tibbi sığorta bu gün xidmətlər zərfinə daxil olan 3300-dən artıq tibbi xidmət sayı ilə bütün ölkə əhalisini əhatə edir.
COVID-19 pandemiyası yayılmağa başlayan ilk gündən dövlət başçısı tərəfindən bu sahədə göstərilən çevik reaksiya və vaxtında atılan operativ addımlar ölkəmizin bu qlobal sınaqdan minimum itkilərlə çıxmasına şərait yaradıb”.
Baş nazir əlavə edib ki, ötən dövrdə ölkəmizdə elm və təhsilin inkişafına böyük diqqət yetirilmişdir. Ümummilli Liderimiz tərəfindən əsası qoyulmuş xaricdə təhsil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Əli Əsədovun sözlərinə görə, bu gün neft kapitalının insan kapitalına çevrilməsi ilə bağlı Prezident İlham Əliyevin təşəbbüsü ilə xaricdə təhsil alaraq Vətənə qayıdan gənclərimiz respublikanın ictimai həyatında yaxından və səmərəli fəaliyyət göstərirlər:
“1997-ci ildə Milli Olimpiya Komitəsinin Prezidenti seçilən İlham Əliyevin ölkədə idmanın inkişafına verdiyi mühüm töhfələr sayəsində paytaxtda və regionlarda idmanın güclü maddi-texniki bazası yaradılmış, 50-ə yaxın Olimpiya idman kompleksi tikilmiş, Azərbaycan idmançıları beynəlxalq yarışlarda, Olimpiya oyunlarında uğurlara imza atmış, ölkəmiz Avropa və dünya səviyyəli yarışların keçirildiyi məkana çevrilib”.
Baş nazir yeni texnologiyaların və kosmik sənayenin inkişafı prioritet sahə kimi diqqətdə saxlanıldığını deyib:
“Azərbaycan bu gün dünyanın məhdud saylı kosmik ölkələri sırasında yer alır. "Azerspace-1", "Azersky" və "Azerspace-2" peykləri uğurla fəaliyyət göstərir. Eyni zamanda Azərbaycanda iki yeni peyk istehsal olunacaq, 2026-cı və 2028-ci illərdə orbitə buraxılacaq.
Bu yaxınlarda Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi kosmik sənaye, müasir texnologiya və innovasiya sahələrində böyük uğurlara malik ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir”.