Qlobal iqtisadiyyatda qeyri-müəyyənliklər ölkə iqtisadiyyatı qarşısında yeni çağırışlar formalaşdırır.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2024-cü il büdcə zərfinin müzakirəsi zamanı Baş nazir Əli Əsədov deyib.
Baş nazir bildirib ki, Prezident İlham Əliyev güclü milli iqtisadiyyata söykənərək, regionumuza sülh və əmin-amanlıq gətirib: "Büdcənin əsas konfiqurasiyası əsas çağırışlar nəzərə alınaraq hazırlanıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası və yenidən qurulması, həmçinin Böyük Qayıdışın təmin edilməsi üçün tədbirlərin davam etdirilməsi, əhalinin sosial müdafiəsi və sosial təminatı, milli təhlükəsizliyimizin və ordumuzun gücləndirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi və sahibkarlığın inkişafının dəstəklənməsi bu sıradadır”.
Əli Əsədov qeyd edib ki, post-pandemiya dövründən sonra milli iqtisadiyyatın artım tempi bərpa olunsa da, qlobal iqtisadiyyatda qeyri-müəyyənliklər, geosiyasi vəziyyət, beynəlxalq maliyyə mühitində sərtləşmələr ölkə iqtisadiyyatı qarşısında yeni çağırışlar formalaşdırır. 2024-cü ilin dövlət büdcəsi tərtib olunarkən hazırkı reallıqlar, problem və çətinliklər, habelə ən aktual qlobal çağırışlar nəzərə alınb: “Cari ilin ötən dövründə ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik qorunmuş, qeyri neft-qaz sektoru hesabına iqtisadi artım təmin edilmiş, inflyasiya tempi azalmış, tədiyə balansında profisit olub. Hazırda strateji valyuta ehtiyatlarımız 68,3 milyard ABŞ dolları təşkil edir (Ümumi Daxili Məhsulun 97 faizinə bərabərdir).
”.