Avropa İttifaqı (Aİ) hazırda Rusiya banklarına tətbiq olunan sanksiyaların analoqunu Belarus banklarına da tətbiq etməyi nəzərdən keçirir.
"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, Aİ Belarus banklarını da SWIFT şəbəkəsindən xaric etmək variantını nəzərdən keçirsə də, bildirir ki, SWIFT Belarus iqtisadiyyatında Rusiya tərəfində olduğu qədər strateji əhəmiyyət kəsb etmir.
Qeyd edək ki, ötən gün Aİ-nin rəsmi jurnalında (hər iş günü Aİ-nin üzv dövlətlərin bütün rəsmi dillərində nəşr olunan qəzet) yeddi Rusiya bankının SWIFT şəbəkəsindən xaric edildiyi əks olunmuşdu. Daha sonra SWIFT kooperativ cəmiyyəti sanksiyalara məruz qalan Rusiya banklarını martın 12-də beynəlxalq ödəniş sistemindən ayıracağını təsdiqləmişdi.