Böyük Britaniyanın Azərbaycanda qızıl, gümüş və mis hasil edən şirkəti “Anglo Asian Mining PLC” şirkəti “Azərbaycan Beynəlxalq Bankı”ndan (ABB) mövcud kredit xətti üzrə 10 milyon dollar kredit cəlb edib.
“APA-Economics”in şirkətdən əldə etdiyi məlumata görə, Gədəbəydə ətraf mühitin çirklənməsi ilə bağlı araşdırma aparılarkən kredit verilişi dayandırılıb. Növbəti tranşın cəlbi “Micon” şirkətinin hesabatında ətraf mühitin çirklənməsinin olmadığını açıqladıqdan sonra baş tutub.
Qeyd edilib ki, 10 milyon dollarlıq tranş 6,5%-lə sabit faiz dərəcəsi ilə cəlb edilib və 3 il ərzində geri qaytarılacaq. Kredit mədən şirkətinin 55 milyon manat (32,3 milyon ABŞ dolları) kredit xətti çərçivəsində götürülüb. Buna qədər 3,5 milyon dollar həcmində kredit cəlb edilib. Çəkilməmiş kredit xətti isə 18,8 milyon ABŞ dolları həcmindədir. Cəlb edilən vəsait “Anglo Asian”ın fəaliyyətinin yenidən başlaması üçün kapital və digər xərclər üzrə istifadə olunacaq.
“Anglo Asian Mining” həmçinin, Azərbaycanda Access Bank-dan 6 milyon ABŞ dolları məbləğində əmanətlə təmin edilmiş və 5,6 milyon ABŞ dolları məbləğində müddətli kredit götürüb.
6 sentyabr 2023-cü il tarixinə şirkətin nağd vəsaitləri 20,3 milyon ABŞ dolları, ümumi borcları isə 19,1 milyon ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir.
YENİLƏNİB'>