Beynəlxalq Valyuta Fondu (BVF) 2022-ci ildə Azərbaycanda ÜDM-in artım proqnozunu 2,8%-dən 3,8%-dək artırıb.
"APA-Economics" xəbər verir ki, bu proqnozlar BVF-nin Azərbaycan hökuməti ilə mayın 25-dən iyunun 7-dək IV maddə üzrə aparılmış məsləhətləşmələrin yekunlarına dair bəyanatında deyilib.
BVF 2023-cü il üçün Azərbaycanda ÜDM-in artım proqnozunu 2,6%, 2024-2027-ci illərdə isə 2,5% səviyyəsində proqnozlaşdırılıb.
Bildirilib ki, 2022-ci ildə qeyri-neft sektorunda artım 5,5% (aprel proqnozu – 4%), 2023-cü ildə 3,7%, 2024-2027-ci illərdə illik 3,5% təşkil edəcək.
Fond Azərbaycanda inflyasiyanın 12,3%-dək (2021-ci ildə 6,7%) sürətlənəcəyini, 2023-cü ildə 9,5%-dək, 2024-ci ildə 7%-dək, 2025-ci ildə 5%-dək, 2026-2027-ci illərdə 4%-dək azalacağını proqnozlaşdırır.
“2022-ci ildə ÜDM-in 3,8% artacağı, ortamüddətli perspektivdə isə bir qədər azalacağı proqnozlaşdırılır. Proqnozlara görə, 2022-ci ildə inflyasiya yüksək ərzaq və xammal qiymətləri, tədarük zəncirindəki pozulmalar da daxil olmaqla, əlverişsiz xarici amillərin təsiri ilə yüksək səviyyədə qalacaq, 2023-cü ildən etibarən inflyasiya templəri azalacaq. İnflyasiyanın 2024-cü ilin sonunadək Mərkəzi Bankın hədəf diapazonunun yuxarı həddinə (4 ± 2 faiz) qaytarılmasını dəstəkləmək üçün pul-kredit siyasətinin əlavə sərtləşdirilməsi və orta səviyyədə saxlanılması tələb olunacaq”, - bəyanatda vurğulanıb.
Bundan əlavə, BVF 2022-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitini ÜDM-in 24,6%-i (2021-ci ildə 15,2%-i), 2023-cü ildə 21,6%-i, 2024-cü ildə 21%-i, 2025-ci ildə 16,3%-i, 2026-cı ildə 10,7%-i, 2027-ci ildə 9,1%-i səviyyəsində proqnozlaşdırır.