ABŞ Maliyyə Nazirliyi “Bank of America”nı çirkli pulların yuyulmasına qarşı mübarizə tələblərinin və sanksiya rejiminin pozulmasında ittiham edərək cərimələyib.
APA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin oktyabrın 13-də yaydığı bəyanatda bildirilib.
Məlumata görə, bank milli təhlükəsizliyə təhdidlərin qarşısını almaq üçün lazımi tədbirlər görmədiyinə görə təxminən 1,2 milyard dollar cərimələnib. İttihamlar Çinlə əlaqəli olduğu bildirilən maliyyə şəbəkələrinin qanunsuz əməliyyatları ilə bağlıdır.
Bundan əlavə, çirkli pulların yuyulmasına qarşı mübarizə qanunvericiliyinin tələblərinə əməl etmədiyinə görə banka 750 milyon dollar cərimə tətbiq olunub.
Nazirliyin məlumatına əsasən, bank ümumilikdə təxminən 5 milyard dollarlıq şübhəli maliyyə əməliyyatlarının qarşısını almayıb və bu barədə ABŞ hakimiyyət orqanlarını məlumatlandırmayıb.
Eyni zamanda, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) sanksiya pozuntuları ilə bağlı iddiaların tənzimlənməsi üçün bankla 11,6 milyon dollarlıq razılaşma əldə edib.
İdarənin məlumatına görə, bank texniki və ya insan səhvləri nəticəsində azı 475 sanksiya pozuntusuna yol verib.