Bu ilin doqquz ayı ərzində Azərbaycan Respublikasının Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 7789,0 milyon manat məbləğində transfertə qarşı 3550,0 milyon manat məbləğində transfert daxil olub.
Bu barədə “APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə dövlət büdcəsinə vergi, gömrük rüsumları və idxala vergi daxilolmalarında müşahidə olunan müsbət dinamika ARDNF-dan cari ilin doqquz ayı üzrə dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 4239,0 milyon manat və ya 54,4 faiz az istifadə olunmasını şərtləndirilib.
2023-cü ilin yanvar-sentyabr ayları üzrə dövlət büdcəsinin gəlirləri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları üzrə 2359,3 milyon manat və ya 22,6 faiz çox, gömrük rüsumları və idxala vergi daxilolmaları üzrə 479,1 milyon manat və ya 11,3 faiz çox, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar üzrə 1,6 milyon manat və ya 0,3 faiz çox, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 4,7 milyon manat və ya 23,9 faiz çox, digər gəlirlər üzrə isə 177,3 milyon manat və ya 30,6 faiz az, Dövlət Neft Fondudan dövlət büdcəsinə transfert üzrə 2992,0 milyon manat və ya 45,7 faiz az icra edilib.
2023-cü ilin yanvar-sentyabr ayları üzrə dövlət büdcəsinin daxilolmalarının 59,5 faizi qeyri-neft/qaz sektoru üzrə daxilolmalar təşkil etməklə 13130,8 milyon manat olmuşdur ki, bu da proqnozla müqayisədə 747,7 milyon manat və ya 6,0 faiz, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 1531,0 milyon manat və ya 13,2 faiz çoxdur.
2023-cü ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirlərində qeyri-neft/qaz sektoru üzrə daxilolmaların 56,5 faizini və ya 7414,6 milyon manatını vergi daxilolmaları, 35,8 faizini və ya 4706,6 milyon manatını gömrük rüsumları və idxala vergi daxilolmaları, 4,4 faizini və ya 582,2 milyon manatını büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 0,2 faizini və ya 24,4 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar, 3,1 faizini və ya 403,0 milyon manatını digər gəlirlər təşkil edir.
Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 8946,1 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 3919,7 milyon manat və ya 30,5 faiz az (Dövlət Neft Fondundan nəzərdə tutulandan 2992,0 milyon manat az vəsaitin daxil olması ilə əlaqədar), 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 1855,6 milyon manat və ya 17,2 faiz azdır.
2023-cü ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 60,3 faizi və ya 5396,1 milyon manatı vergi daxilolmaları, 39,7 faizi və ya 3550,0 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert təşkil edir. Neft-qaz sektoru vergi daxilolmalarının 62,6 faizi və 3377,9 milyon manatı Şahdəniz qaz-kondensat yatağı üzrə mənfəət vergisi, 27,7 faizi və ya 1494,4 milyon manatı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 9,7 faizi və ya 523,8 milyon manatı Azəri-Çıraq-Günəşli neft yatağı üzrə mənfəət vergisi təşkil edir.