“Gilan Holding” nizamnamə kapitalının həcmini artıraraq 395 850 678 manata çatdırıb.
Holdinqdən “APA-Economics”ə verilən məlumata görə, “Gilan Holding” nizamnamə kapitalını 17,8 dəfə artırıb. Belə ki, daha əvvəl bu məbləğ 22 182 402 manat təşkil edirdi.
Xatırladaq ki, daha öncə yayılmış məlumata əsasən, nizamnamə kapitalının artırılması 2019-cu ilin əvvəlində müəyyən olunmuş ümumi inkişaf strategiyasına uyğun olaraq həyata keçirilib ki, bu da holdinqin maliyyə dayanıqlığının təmin edilməsi və bazar mövqelərinin gücləndirilməsi ilə əlaqədardır.
Qeyd edək ki, 1987-ci ildən fəaliyyət göstərən “Gilan Holding” qeyri-neft sektoru üzrə Azərbaycan iqtisadiyyatının inkişafı üçün irimiqyaslı layihələrə sərmayələr yatıran, həmçinin yerli məhsulların xarici bazarlarda tanınmasını və satışını təşkil edən aparıcı şirkətlər qrupundan biridir.