Qadınların təsis etdiyi şirkətlərdə investisiyalarda gender bərabərliyinə nail olunarsa, qlobal ÜDM 1,6-2,3 trln. ABŞ dolları (2-3%) aralığında arta bilər.
"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə "Citigroup" bankının tədqiqatında deyilir.
Qeyd olunur ki, belə olan halda, eyni zamanda, 288-433 mln. iş yerinin yaradılması da mümkün ola bilər.
"PitchBook"a görə, 2021-ci ildə ABŞ-da sərmayə qoyulmuş vençur (riskli) kapitalının yalnız 2,1%-ni qadınların yaratdığı və ya rəhbərlik etdiyi bizneslər təşkil edir. "Citigroup" qlobal tədqiqatlar şöbəsinin rəhbəri Endryu Pitt bildirib ki, maliyyə çatışmazlığı qadın sahibkarlar üçün əsas problemdir.
Qeyd edək ki, vençur kapitalı sahibkarlar üçün mühüm maliyyələşmə formasıdır. 2015-ci il Stanford Universiteti Ali Biznes Məktəbinin hesabatına görə, vençur kapitalı ilə dəstəklənən şirkətlər 1979-cu ildən bəri qurulan ABŞ ictimai şirkətlərinin 43%-ni təşkil edir.
Lakin "Citigroup"un məlumatına görə, qadınların vençur maliyyəsi almaq ehtimalı azdır. Bu, ondan irəli gəlir ki, investorlar qadınların rəhbərlik etdiyi müəssisələrin rentabelliyinin kişilərin rəhbərlik etdiyi müəssisələrə nisbətən daha yüksək olmasına baxmayaraq, qadınların rəhbərlik etdiyi müəssisələrə investisiya yatırılmasını əsassız olaraq daha riskli görürlər.