Mikromaliyyə Mərkəzi (MFC) Azərbaycanda yeni mikromaliyyə modelinin hazırlanmasından praktiki tətbiqinə keçid prosesini dəstəkləməyə hazırdır.
“APA-Economics” xəbər verir ki, bunu MFC-nin icraçı direktoru Katarzina Pavlak XII Azərbaycan Mikromaliyyə Konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanda mikromaliyyə sektoru ilə Mərkəzi Bank arasında əməkdaşlıq son illərdə əhəmiyyətli dərəcədə inkişaf edib.
Pavlak qeyd edib ki, əvvəllər mikromaliyyə təşkilatları ilə tənzimləyici qurumlar arasında dialoqun qurulması əsas məqsədlərdən biri idisə, hazırda bu əməkdaşlıq ölkənin mikromaliyyə modelinin formalaşdırılmasında mühüm rol oynayır.
O bildirib ki, Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) sektor iştirakçıları ilə Mərkəzi Bank arasında əlaqələndirici rol oynayır.
“MFC bu modelin hazırlanma mərhələsindən tətbiq mərhələsinə keçidində Azərbaycan Mikromaliyyə Assosiasiyasını və Mərkəzi Bankı dəstəkləməyə hazırdır”, – o vurğulayıb.
MFC rəhbəri mikromaliyyə sektorunda süni intellekt, rəqəmsal texnologiyalar, iqlim maliyyələşməsi və dayanıqlı investisiyaların əhəmiyyətinin artdığını bildirib.
Onun sözlərinə görə, MFC də süni intellektin tətbiqi və iqlim dəyişikliklərinə uyğunlaşmanı dəstəkləyən praktik həllər üzərində işləyir.
Pavlak vurğulayıb ki, texnoloji yeniliklərin tətbiqində əsas məqsəd müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması olmalıdır.
“Süni intellekt son məqsəd deyil. İqlim maliyyələşməsi də son məqsəd deyil. Əsas məqsəd müştəridir”, – o bildirib.
MFC rəhbəri əlavə edib ki, mikromaliyyə sektorunun gələcək inkişafında innovasiyaların tətbiqi ilə yanaşı, sahibkarların, xüsusilə regionlarda fəaliyyət göstərən kiçik bizneslərin real ehtiyaclarının nəzərə alınması vacibdir.