"Həyatın yığım sığortası ilə bağlı bu ilin 5 ayının göstəricilərinə baxsaq, Vergi Məcəlləsindəki dəyişikliklərlə əlaqədar keçən ilin müvafiq dövrü ilə müqayisədə keçən 20 milyon manat azalma var".
“APA-Economics”in məlumatına görə, bunu bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) İdarə Heyətinin sədri vəzifəsinin icra edən İbrahim Alışov "Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar" mövzusunda keçirilən 9-cu Beynəlxalq Sığorta Forumunda bildirib.
İ. Alışov deyib ki, bu, digər sığorta növləri üzrə kompensasiya edilib: "Həm daşınmaz əmlakın iki növü üzrə sığorta məhsulları, eyni zamanda avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası ilə bu, kompensasiya edilib. Amma paralel olaraq sığorta bazarına yeni sığorta məhsullarının gətirilməsi istiqamətində də işlər gedir. Bura həkimlərin peşə məsuliyyətinin sığortası, sığorta agentlərinin məsuliyyətinin sığortası və inşaat aparan tikinti işçilərinin sığortası daxildir. Digər tərəfdən, Maliyyə Bazarlarına Nəzarət Palatası gömrük postu və digər yerlərdə sahibkarların müvəqqəti saxlanc ərazilərindəki əmlaklarının icbari sığortası məhsulunun formalaşdırılması barədə düşünür. Buna bu gün böyük ehtiyac var. Könüllü sığorta növləri üzrə da qarantiya mexanizmlərinin tətbiq edilməsinə dair müvafiq addımları atırıq. Düşünürük ki, müvafiq qarantiya mexanizmləri sığortalıların hüquqlarının müdafiəsi istiqamətində atıla biləcək ən əhəmiyyətli addımlardan biridir".