Yanvar ayında Azərbaycanda Milli Ödəniş Sistemi (AZİPS, XÖHKS) vasitəsilə aparılan ödəniş əməliyyatlarının ümumi həcmi 20,37 mlrd. manat, sayı isə 6,09 mln. ədəd təşkil edib.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 26,9% artıb, aylıq müqayisədə isə 32,8% azalıb.
Yanvarda Milli Ödəniş Sisteminin əsas komponenti olan Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZİPS) üzrə 17,43 mlrd. manat həcmində 67 min əməliyyat həyata keçirilib ki, bu da illik müqayisədə 26,4% çoxdur, aylıq müqayisədə isə 33,6% azdır.
Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) üzrə isə ötən ay 2,95 mlrd. manat həcmində 6,02 mln. ədəd əməliyyat həyata keçirilib ki, bu da illik müqayisədə 30% çoxdur, aylıq müqayisədə isə 27% azdır.
Qeyd edək ki, ötən il Milli Ödəniş Sistemi vasitəsilə aparılan ödəniş əməliyyatlarının ümumi həcmi 217,662 mlrd. manat, sayı isə 70,75 mln. təşkil edib ki, bu da illik müqayisədə 2,6% azdır.
AZİPS üzrə 183,76 mlrd. manat həcmində 1,11 mln əməliyyat həyata keçirilib ki, bu da illik müqayisədə 6% azdır. XÖHKS üzrə isə ötən il 33,91 mlrd. manat həcmində 69,64 mln. ədəd əməliyyat həyata keçirilib ki, bu da illik müqayisədə 21,8% çoxdur.