Nazir müavini: 2028-ci ilədək Azərbaycanda bərpa olunan enerjinin payı 30%-i ötəcək

Elnur Soltanov

© APA | Elnur Soltanov

# 14 may 2025 16:20 (UTC +04:00)

"Son iki ildə Azərbaycanda enerji, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində dörd mühüm qanun qəbul olunub. Hazırda üç yeni qanun layihəsi üzərində- istilik, qaz təchizatı və tənzimləyici orqanla bağlı qanun layihələri üzərində iş aparılır".

APA-Economics” xəbər verir ki, bunu Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) illik iclası çərçivəsində “Azərbaycan: “yaşıl artım” və əlaqəliliyin formalaşan qapısı” adlı panel müzakirəsində energetika nazirinin müavini Elnur Soltanov deyib.

İstilik təchizatında müasir texnologiyalara keçid

Energetika nazirinin müavini Elnur Soltanov istilik təchizatı haqqında hazırlanmaqda olan qanunun əhəmiyyətini vurğulayaraq bildirib ki, bu sahədə əsas diqqət mərkəzləşdirilmiş istilik sistemlərinin inkişafı və istilik nasosları kimi yüksək səmərəlilik təmin edən texnologiyaların tətbiqinə yönəlib.

Tənzimləyici qanun bazar tariflərini formalaşdıracaq

Nazir müavininin sözlərinə görə, “Tənzimləyici haqqında” qanun real bazar tariflərinin formalaşmasına imkan yaradacaq və enerji sektorunda şəffaf və dayanıqlı idarəetməni təşviq edəcək.

Bərpa olunan enerjidə 30%-lik hədəf və EBRD-nin rolu

Nazir müavini qeyd edib ki, 2028-ci ilədək Azərbaycanda bərpa olunan enerji mənbələrinin ümumi enerji istehsalındakı payı 30%-i ötəcək. Bu sahədə Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi xüsusi rol oynayır.

Fərdi istehlakçılar üçün günəş enerjisi imkanları genişlənir

Artıq fərdi və aktiv istehlakçılar 150 kilovatadək günəş panelləri quraşdıraraq enerji alqı-satqısı həyata keçirə bilirlər. Bu modelin genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

Enerji səmərəliliyi yeni strateji istiqamət kimi

E. Soltanov bildirib ki, enerji səmərəliliyi sahəsi Azərbaycanda strateji əhəmiyyətli və yeni bir istiqamət kimi ön plana çıxır. Hazırda binaların və məişət avadanlıqlarının sertifikatlaşdırılması üzrə 12-yə yaxın normativ sənəd hazırlanır.

Enerji Səmərəliliyi Fondu yaradılıb

Nazir müavini əlavə edib ki, artıq Enerji Səmərəliliyi Fondu yaradılıb və onun maliyyə dayanıqlılığı fosil yanacaqlardan əldə olunan vergilər hesabına təmin olunur. Sovet dövründən qalma binaların enerji baxımından qeyri-səmərəli olması isə bu sahədə böyük potensial yaradır.

Yeni təşəbbüslər yoldadır

Sonda qeyd olunub ki, yaxın aylarda Energetika Nazirliyi enerji səmərəliliyi ilə bağlı əlavə təşəbbüslərlə çıxış edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR