Noyabrın 16-19-da Bakıda “PASHA Media Development Program 2026” proqramı çərçivəsində jurnalistlər üçün rəqəmsal media və süni intellekt üzrə təlim keçirilib.
"APA-Economics" xəbər verir ki, "PAŞA Holdinq"in dəstəyi ilə təşkil edilən təlimi rəqəmsal jurnalistika və media konsaltinqi üzrə ixtisaslaşmış britaniyalı media eksperti Dan Mason aparıb.
Təlim zamanı süni intellektin jurnalistikada tətbiqi, rəqəmsal media strategiyaları, SEO və GEO prinsipləri, eləcə də auditoriyanın cəlb edilməsi yolları müzakirə olunub.
Praktiki məşğələlərdə süni intellekt alətləri vasitəsilə xəbər ideyalarının yaradılması, müxtəlif mənbələrdən məlumatların toplanması və təhlili, mətnlərin xülasələşdirilməsi, vizual materialların və təqdimatların hazırlanması, məzmunun müxtəlif platformalara uyğunlaşdırılması imkanları nümayiş etdirilib.
Bundan başqa, sosial media və YouTube platformaları üçün video məzmunun hazırlanması, auditoriya araşdırmaları, rəqəmsal platformalarda monetizasiya, xəbər saytlarının texniki optimallaşdırılması və auditoriya fəallığının artırılması yolları müzakirə olunub.
Dan Mason müasir jurnalistikada xəbərlərin sayından daha çox onların keyfiyyətinin, orijinallığının və auditoriyaya verdiyi faydanın əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, təlimdə ölkənin aparıcı televiziya kanallarının və informasiya agentliklərinin jurnalistləri iştirak ediblər.