Bank Of Baku

"Rabitabank"ın İdarə Heyətinin sədri: İslam maliyyəsi banklar üçün alternativ maliyyələşmə imkanları yaradır

"Rabitabank"ın İdarə Heyətinin sədri Aydın Hüseynov

© APA | "Rabitabank"ın İdarə Heyətinin sədri Aydın Hüseynov

# 17 iyun 2026 14:40 (UTC +04:00)

İslam maliyyəsi məhsulları Azərbaycanda maliyyələşmənin şaxələndirilməsi və biznesin maliyyə resurslarına çıxışının genişləndirilməsi üçün yeni imkanlar yaradır.

APA xəbər verir ki, bunu "Rabitabank"ın İdarə Heyətinin sədri Aydın Hüseynov Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun illik toplantıları çərçivəsində təşkil olunan “Regional Əlaqəlilik üçün Ticarət Həllərinin Gücləndirilməsi” adlı panel müzakirəsində etdiyi çıxışında deyib.

O bildirib ki, təmsil etdiyi bank İslam maliyyəsi institutları ilə əməkdaşlığı 2023-cü ildə başlayıb:
“2023-cü ildə Ciddədə Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) ilə 10 milyon ABŞ dolları məbləğində ilk müqaviləmizi imzaladıq. Daha sonra 2024-cü ildə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə növbəti saziş bağladıq”.

Hüseynov qeyd edib ki, bu əməkdaşlıqdan sonra bank İslam maliyyəsi məhsullarının hazırlanmasına başlayıb:
“İlk dövrlərdə Murabaha məhsulunun təşviqi və bazara təqdim olunması asan olmadı. Lakin bir neçə aydan sonra müsbət nəticələr əldə etdik”.

Onun sözlərinə görə, İslam maliyyəsi banklar üçün alternativ maliyyələşmə imkanları yaradır:
“Bəzi müştərilərin girov təminatı kifayət etmir və ya ənənəvi kreditlərdən istifadə imkanları məhdud olur. Təchizat zəncirinin maliyyələşdirilməsi, hesab-faktura maliyyələşdirilməsi, müqavilə maliyyələşdirilməsi və Murabaha kimi alətlər aktivlərə və müqavilələrə əsaslanan maliyyələşdirmə imkanı yaradır”.

Rabitabank rəhbəri vurğulayıb ki, İslam maliyyəsi məhsullarının tətbiqi bankların beynəlxalq maliyyə resurslarına çıxışını da artırır:
“Bu məhsullar vasitəsilə banklar İslam İnkişaf Bankı Qrupu, ITFC, ICD və Körfəz ölkələrinin maliyyə institutlarından vəsait cəlb edə bilirlər. Bu isə öhdəliklərin şaxələndirilməsinə və maliyyə risklərinin azaldılmasına kömək edir”.

Hüseynov bildirib ki, İslam maliyyəsinin inkişafında maarifləndirmə mühüm rol oynayıb:
“Müştərilər üçün seminarlar təşkil etdik, İslam maliyyəsinin mahiyyətini və Murabaha alətinin üstünlüklərini izah etdik. Bu istiqamətdə mühüm təşviqat işi apardıq”.

O əlavə edib ki, Azərbaycan Mərkəzi Bankının tənzimləyici “sandbox” mexanizmi də innovativ məhsulların tətbiqinə şərait yaradıb:
“Murabaha məhsulumuzu bu platforma vasitəsilə Mərkəzi Banka təqdim etdik. Təsdiq alındıqdan sonra cari ilin 1 aprel tarixindən etibarən məhsulun satışına başladıq. Hazırda Rabitabank Azərbaycanda Murabaha məhsulunu həm aktiv, həm də passiv tərəfdə təqdim edən ilk və yeganə bankdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR