Rayd-heylinq şəhərdə hərəkət barədə təsəvvürümüzü dəyişib, hərəkəti daha sürətli, rahat və əlçatan edib. Proqram vasitəsilə gediş sifariş etməyə və təyinat yerinə avtomobildə getməyə üstünlük verən insanların sayı getdikcə artır.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanda sürətlə inkişaf edən, yeni xidmətlər təklif edən, bir-biri ilə uğurlu rəqabət aparan bir neçə rayd-heylinq xidməti mövcuddur. Lakin dünya sürətlə dəyişir, bu isə o deməkdir ki, gediş sifarişi xidmətləri yeni meyllərə uyğunlaşmalı olur. Gələcəkdə rayd-heylinq bazarını nə kimi dəyişikliklər gözləyir və bu bazar hansı istiqamətdə inkişaf edəcək?
Gələcəyə baxış
Rayd-heylinq barədə danışmazdan əvvəl nəqliyyat sahəsinin inkişafında ümumi meyllərə nəzərə salaq. Hal-hazırda gələcəyin nəqliyyatı barədə təsəvvürü formalaşdıran üç əsas meyl var. Gələcəkdə nəqliyyat elektrikli olacaq, mobillik xidmətləri və mikromobillik fəal şəkildə istifadə olunacaq.
Elektromobillər
Müasir şəhərlərdə avtonəqliyyatın havanı çirkləndirməsi, avtomobillərin sayının artması bizə başqa seçim buraxmır. Dəyişiklik etməyin vaxtı gəlib çatdı. Elektronəqliyyat bu ekoloji problemin həlli ola bilər. Elektromobillərin ekolojiliyi hələ də mübahisə mövzusu olsa da, tədqiqatlar göstərir ki, onlar bütün həyat sikli boyunca daxili yanma mühərriki ilə ən effektiv avtomobillə müqayisədə ətraf mühit üçün 30% daha az təhlükə daşıyır. Buna görə də gələcəkdə elektromobillərə keçid qaçılmazdır və onların sayı ilbəil artacaq. Boston Consulting Group proqnozlarına əsasən 2025-ci ilə yaxın dünyada satılan az tonnajlı avtomobillərin 20%-i, 2035-ci ilə yaxın isə 59%-i elektrikli olacaq.
Mobillik xidmətləri
Rayd-heylinq, karşerinq və digər xidmətlər istifadəçilərə yeni imkanlar təklif edir. İstifadəçi şəxsi avtomobili olmadan da belə xidmətlərdən yararlana və təyinat yerinə tez çata bilər. Bu zaman o avtomobilə qulluq etmək, onu təmir etmək, yumaq, dayanacaq haqqı ödəmək, avtomobili qışda qardan təmizləmək məcburiyyətində qalmır. Yəni, o avtomobildə bütün hərəkət üstünlükləri əldə edir, bütün problem və çətinlikləri isə avtomobil sahibi həll edir. Rayd-heylinq xidmətləri sayəsində şəhərdə avtomobildə rahat hərəkət əvvəllər imkanı çatmayan şəxslər üçün əlçatan oldu. Tədqiqatlar göstərir ki, rayd-heylinq xidmətləri özünə avtomobil almağa imkanı olmayan insanlar, yəni gənclər və aşağı gəlirli şəxslər tərəfindən daha çox istifadə olunur. Buna görə də şəhərdaxili mobillik xidmətlərinin populyarlığı ilbəil artmaqdadır.
Mikromobillik
Elektrikli samokatlar və elektrikli velosipedlər XXI əsrdə ekoloji nəqliyyatın etalonu hesab olunur. Şəhərdə elektrikli samokatda hərəkət etsəniz, yolda tıxacda qalaraq vaxt itirməyəcəksiniz. O avtomobillər arasında asanlıqla manevr etməyə və ya tıxacı şəhərin dar küçələri ilə ötüb keçməyə imkan verir. Elektrikli samokat üçün parklanma yeri tapmaq asandır. Sürücülük vəsiqəsi almağa ehtiyac yoxdur, onu sürməyi isə asanlıqla və tez öyrənə bilərsiniz. ABŞ, Kanada və Avropa ölkələrində bir çox ofis işçiləri hal-hazırda təyinat yerinə çatmaq üçün samokat və velosipedlərdən fəal şəkildə istifadə edir. Bu nəqliyyat növündə işgüzar geyimdə insan artıq uzun müddətdir ki heç kəsdə təəccüb yaratmır. Bundan əlavə, elektrikli samokatları almaq lazım deyil, müasir şəhərlərdə kirayə xidmətləri kifayət qədər çoxdur. Sadəcə götürüb, sonra geri qayıdıb saxlayırsınız. Məhz bu üstünlüklər gələcəyin şəhərlərində mikromobil nəqliyyatın inkişafı və daimi istifadəsi üçün fəal şəkildə imkan yaradacaq.
Ağıllı şəhərlər
Gələcəyin şəhərləri- ağıllı şəhərlərdir. Smart city şəhərdəki proseslərin müasir informasiya və kommunikasiya sistemləri vasitəsilə idarə olunduğu qarşılıqlı əlaqəli sistemdir.
Ağıllı şəhər rahat həyat deməkdir. Məhz buna görə bu konsepsiya şəxsi avtomobillərdən qismən imtinanı nəzərdə tutur. Bunun əvəzinə insanlar velosipedlərdə, elektrikli samokatlarda hərəkət edə və gediş sifarişi xidmətlərindən yararlana bilərlər. Beləliklə, tıxac problemi aradan qalxacaq, dayanacaq yerləri başqa məqsədlərlə istifadə olunacaq, şəhərlərin ekoloji vəziyyəti yaxşılaşacaq. Ağıllı şəhərlərin inkişafı rayd-heylinq xidmətlərinin sayının artmasını qaçılmaz edir.
Rayd-heylinqin gələcəyi
Yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlmək olar ki, gələcəkdə rayd-heylinq xidmətləri şəhərdə ən vacib hərəkət üsullarından biri olacaq. Yahoo! Finance proqnozlarına əsasən qlobal rayd-heylinq bazarının həcmi 2026-ci ilə yaxın $106.19 mlrd. çatacaq. Xatırladaq ki, 2021-ci ildə rayd-heylinq bazarının həcmi $53.25 mlrd təşkil edib, bu, gələcək üçün proqnozlaşdırılan həcmdən iki dəfə azdır.
Getdikcə daha çox insan avtomobil almaqdan imtina edəcək və rayd-heylinq xidmətlərinə üz tutacaq. Statista proqnozlarına əsasən 2027-ci ilə yaxın rayd-heylinq və taksi xidmətlərinin istifadəçi sayı bütün dünyada 1,5 mlrd. çatacaq. Eyni zamanda, rayd-heylinq xidmətləri göstərən şirkətlər istifadəçilərin tələbatlarına xüsusi yanaşmalı, onlara hər konkret halda məhz bu xidmətdən rahatlıqla istifadə etməsi üçün bir çox variant təklif etməlidir. Rayd-heylinq yalnız şəhərlərdə deyil, şəhərkənarı kiçik yaşayış məntəqələrində də əlçatan olacaq.
Rayd-heylinq platformaları tədricən elektrikli nəqliyyata keçəcək. Bunun əsası artıq qoyulub. Belə ki, 2021-ci ildə Kaliforniya Hava Ehtiyatları üzrə Şurası (CARB) yeni standartın tətbiq olunması lehinə səs verib. Bu standarta əsasən 2030-cu ilə yaxın rayd-heylinq xidmətlərinin avtomobilləri 90% mil məsafəni 0% tullantı səviyyəsi ilə qət etməlidir. Bu zaman avtomobillərin bir hissəsi pilotsuz olacaq. Pilotsuz avtomobillərin istifadəsi gedişləri daha ucuz edəcək çünki hal-hazırda insan əməyinin ödənişi gedişin 70%-ni təşkil edir.
Əminliklə demək olar ki, Azərbaycan da dünya meyllərinə uyğunlaşacaq və innovasiyaları tətbiq edəcək, bu isə o deməkdir ki, ölkəmizin gələcəyi rayd-heylinq xidmətlərinin əlindədir.