"Sığorta şirkətləri məhsuldan çox müştəriləri təhlil etməlidir".
“APA-Economics”in məlumatına görə, bunu bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı "Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar" mövzusunda keçirilən 9-cu Beynəlxalq Sığorta Forumunda bildirib.
V. Qasımlı deyib ki, dünyada sığorta şirkətlərinin rəhbərlərinin 73 faizi hesab edirlər ki, sığorta sistemlərinin İKT ilə vəhdəti təmin olunmalı, müştəri əsaslı kommunikasiyalardan istifadə edilməlidir: "Yalnız müştəri əsaslı kommunikasiyalardan istifadə etməliyik. Sığorta sistemi risklərin üzərində dayanır. Avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası Hadisələrin İdarəetmə Sistemi vasitəsi ilə həyata keçiriləcək. Digər tərəfdən, müasir avtomobillərdə sürücünün avtomobili nə dərəcədə qaydalara uyğun idarə edilməsi ilə bağlı proqram təminatı var. Bu proqram təminatı ilə Hadisələrin İdarəetmə Sistemi birləşdirsə, çox gözəl nəticələr olar".
V. Qasımlı müştərilərlə əlaqə üçün çatbotlardan istifadə edilməsini vacib sayıb : "Sığorta məhsulları ilə bağlı robot məsləhətçilərin olması da vacibdir".
V. Qasımlı nəzərə çatdırıb ki, Fövqəladə Hallar Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası və digər müvafiq qurumlar daşınmaz əmlak sığortası ilə bağlı elektron resurslardan istifadə etməlidirlər: "Azərbaycanda artıq daşınmaz əmlakın rəqəmsal əsasda sığortalanmasını həyata keçirmək imkanı var və bu, həyata keçirilməlidir".
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru qeyd edib ki, sığorta növləri üzrə bir DATA, reyestr yaradılsa, bu, sığorta bazarında inqilabi dönüş nöqtəsi olacaq: İnanıram ki, Prezidentin rəhbərliyi ilə aparılan islahatlar sığorta bazarının inkişafına da öz töhfəsini verəcək".