Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda “Sığorta dələduzluğuna qarşı mübarizə” mövzusunda peşəkar mütəxəssislərin iştirakı ilə seminar keçirilib.
“APA-Economics”in məlumatına görə, tədbirdə sığorta dələduzluğuna qarşı mübarizədə müasir tendensiyalar - dələduzluğun səviyyəsi və əks-tədbirlər üzrə təcrübə, o cümlədən sığorta cinayətləri və dələduzluq halları, kütləvi sığorta növləri üzrə sığorta fırıldaqçılığı ilə mübarizə, sığorta şirkətləri, istintaq və məhkəmə orqanlarının qabaqcıl təcrübələri müzakirə edilib.
Seminarda sığorta dələduzluğu ilə mübarizədə sosial, hüquqi, informasiya problemləri və onların həlli yollarına toxunulub, avtomobil sığortası bazarında xərclərin və dələduzluğun azaldılmasının müasir yolları xüsusilə diqqət mərkəzində olub. Bunun üçün sığorta şirkətlərinin işində müasir texnologiyadan istifadə, avtomobil sığortasında dələduzluğun qarşısının alınması kimi üsullar müzakirə edilib.
Tədbirdə Azərbaycan, Rusiya və Qazaxıstanın sığorta qurumlarının təmsilçiləri, yerli və xarici şirkətlər, eləcə də, bu sahədə fəaliyyət göstərən ixtisaslaşmış xarici təşkilatların nümayəndələri iştirak ediblər. Rusiya Federasiyası Sığorta Təhlükəsizliyi Assosiasiyasının prezidenti, Sığorta Hüququ Mərkəzinin baş direktoru Aleksey Alqazin, Qazaxıstanın Sığorta Ombudsmanı Vitali Verevkin, GPS və video texnologiyalar vasitəsilə təhlükəsizliyin təmin edilməsi üzrə dünya bazarında lider olan “Benish GPS” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Yaroslav Jovnirenko da seminara qatılıb.