Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında «Paşa Bank» və «Unicapital» broker şirkətinin vasitəçiliyi ilə «Unibank» ASC-nin istiqraz emissiyasının yerləşdirilməsinə başlanılıb. «Unibank»dan «APA-Economics»ə verilən məlumata görə, istiqrazların yerləşdirilməsi birjada açıq abunə yolu ilə keçirilir.
Qeyd edək ki, 2013-cü il mayın 22-də «Unibank» ASC-nin təmin olunmamış, faizli, sənədsiz, adlı istiqrazlarının emissiya prospekti dövlət qeydiyyatına alınıb. Ümumilikdə, hər birinin nominal qiyməti 1 000 manat olan 5 000 ədəd istiqraz buraxılıb. Qiymətli kağızlar buraxılışın ilk istiqrazının yerləşdirildiyi tarixdən etibarən 5 təqvim ili müddətində tədavüldə olacaq. Ümumi həcmi 5 mln. manat olan istiqraz buraxılışının anderrayteri «Unicapital» ASC vasitəsi ilə «Paşa Bank»dır. Yerləşdirilmənin market-meykeri rolunda «Paşa Kapital» şirkətinin vasitəçiliyi ilə «Paşa Bank» çıxış edir. «Paşa Bank» gündəlik əsasda həmin istiqrazlar üzrə kotirovkaları təqdim edib, onlar üzrə likvidliyi təmin edəcək ki, bu da istiqrazların potensial investorlar üçün cəlbediciliyini daha da artıracaq.