Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC «Paşa Bank» və «Unicapital» broker şirkətinin vasitəçiliyi ilə Bakı Fond Birjasında istiqraz emissiyasının yerləşdirilməsini uğurla başa çatdırıb. «Unibank»dan «APA-Economics»ə verilən məlumata görə, istiqrazların yerləşdirilməsi birjada açıq abunə yolu ilə keçirilib.
Qeyd edək ki, mayın 22-də «Unibank» ASC-nin təmin olunmamış, faizli, sənədsiz, adlı istiqrazlarının emissiya prospekti dövlət qeydiyyatına alınıb. Ümumilikdə, hər birinin nominal qiyməti 1 000 manat olan 5 000 ədəd istiqraz buraxılıb. Qiymətli kağızlar buraxılışın ilk istiqrazının yerləşdirildiyi tarixdən etibarən 5 təqvim ili müddətində tədavüldə olacaq. Ümumi həcmi 5 mln. manat olan istiqraz buraxılışının anderrayteri «Unicapital» vasitəsi ilə «Paşa Bank»dır. Yerləşdirilmənin market-meykeri rolunda «Paşa Kapital» şirkətinin vasitəçiliyi ilə «Paşa Bank» çıxış edir. «Paşa Bank» gündəlik əsasda həmin istiqrazlar üzrə kotirovkaları təqdim edib, onlar üzrə likvidliyi təmin edəcək ki, bu da istiqrazların potensial investorlar üçün cəlbediciliyini daha da artıracaq.
Həmin istiqrazlar buraxılışdan ilk istiqrazının yerləşdirildiyi tarixdən etibarən 5 təqvim ili müddətində tədavüldə olacaq və gəlirliyi illik 14 % olmaqla, istiqrazların tədavül müddəti ərzində hər 3 təqvim ayından bir faiz gəlirinin istiqraz sahiblərinə ödənilməsi nəzərdə tutulurr.