Bakı – APA-Economics. Bu gün 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Vergilər Nazirliyinin və Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Rəsm Qalereyasının təşkilatçılığı ilə «Vergilər uşaqların gözü ilə» adlı rəsm müsabiqəsi keçirilib.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, «Vergi uşaqların gözü ilə» devizi altında və inşa müsabiqəsində 5-8, 9-12 və 13-17 yaş kateqoriyalarına aid olan məktəblilər iştirak edir və vergilər barədə aldıqları bilikləri kağız üzərinə köçürürlər.
Tədbirdə T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının direktoru Bədayə Ramazanova bildirib ki, müsabiqə gənc nəsildə vergi mədəniyyətinin və vergi biliklərinin formalaşmasına xidmət edir. Builki müsabiqə 2013-cü ilin aprel ayından start götürüb, 250-dən çox rəsm nümunəsi və inşalar münsiflər heyəti tərəfindən dəyərləndirilərək qaliblər müəyyən olunub.
Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov bildirib ki, gənc nəslin nümayəndələri arasında vergi mədəniyyətinin aşılanması, cəmiyyətdə vergilərin könüllü ödənilməsi prinsiplərinin təbliğ olunması Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət sahəsində gördüyü işlərin mühüm hissəsidir: “Belə rəsm müsabiqələri uşaqların dövlətçilik haqqında anlayışlarının genişlənməsinə, vergilərin ictimai həyatda oynadığı rol haqqında onlarda müəyyən təsəvvürlərin formalaşmasına imkan yaradır. Tədbirin keçirilməsində əsas məqsəd vergilər haqqında anlayış və bilikləri uşaqların başa düşəcəyi təsvirlər vasitəsilə gələcəyin vergi ödəyiciləri olan gənclərə çatdırmaqdan ibarətdir”.
Hər il müsabiqədə iştirak etmiş rəsm əsərləri nəfis albom şəklində nəşr edilir və Vergilər Nazirliyinin qatıldığı sərgi və tədbirlərdə nümayiş etdirilir. Mükafata layiq görülmüş rəsm əsərlərinin çoxu hazırda Vergilər Nazirliyinin inzibati binasının divarlarını bəzəyir və builki müsabiqədə də iştirak edən əsərlərin ən yaxşılarından da bu məqsədlə istifadə ediləcək. Sonra rəsm və inşa üzrə builki müsabiqənin qalibləri elan edilib, münsiflər heyətinin üzvləri tərəfindən onlara diplom və hədiyyələr təqdim olunub.