Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan vergilər naziri Fazil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Fransada işgüzar səfərdə olub.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, səfər çərçivəsində vergilər naziri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Parisdə yerləşən mənzil-qərargahında baş katib Anxel Qurria ilə görüşüb. Görüşdən əvvəl Azərbaycanla İƏİT arasında “Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında” Konvensiyaya edilmiş dəyişikliklərə qoşulması haqqında protokolun imzalanma mərasimi olub. Sənədi F. Məmmədov və A. Qurria imzalayıblar.
Sonra İƏİT ilə Azərbaycan Vergilər Nazirliyi arasında əlaqələri daha da genişləndirmək barədə geniş tərkibdə müzakirələr aparılıb. İƏİT-in baş katibi təşkilatla Azərbaycan arasında əlaqələrin inkişafını müsbət qiymətləndirdiyini ifadə edib, ölkəmizin konvensiyaya edilmiş dəyişiklərə dair protokola qoşulmasını mühüm hadisə adlandırıb, bu mənada ölkə rəhbərliyinin göstərdiyi siyasi iradəni həlledici amil kimi dəyərləndirərək bu faktın Azərbaycanın vergi sisteminin şəffaflığının göstəricisi olduğunu bildirib.
A.Qurria təşkilatın baş katibinin müavini İv Letermin Azərbaycanda keçirilən İkinci Qlobal Açıq Cəmiyyətlər forumunda iştirakı zamanı prezident İlham Əliyev tərəfindən qəbul olunduğu xatırladaraq, həmin görüşdə konkret sahələrdə əməkdaşlıq məsələlərinin müzakirə edildiyini diqqətə çatdırıb.
F. Məmmədov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə Azərbaycan Vergilər Nazirliyi arasında əməkdaşlıq haqqında saziş layihəsinin müzakirələrinin davam etdiyini diqqətə çatdırıb. A.Qurria bunun gələcək əməkdaşlıq üçün əla bir proqram olacağını bildirib.
F. Məmmədov A.Qurrianı Azərbaycana səfərə dəvət edib.
Nazir Fransaya işgüzar səfər çərçivəsində bir sıra mühüm görüşlər də keçirib. Fransa büdcəyə məsul dövlət katibi Kristian Ekerlə görüşdə azərbaycanlı iş adamlarına Fransada və fransalı investorlara ölkəmizdə əlverişli şəraitin yaradılması məsələləri diqqət mərkəzində olmuşdur. K. Eker ölkəsinin bu sahədə hərtərəfli yardım göstərməyə hazır olduğunu bildirib.
Nazir hər iki tərəf üçün xüsusi maraq doğuran Avropa İttifaqının Azərbaycana yardımı çərçivəsində yeni twinninq layihəsinin həyata keçirildiyini vurğulayıb, bu layihə ilə bağlı elan olunan tenderdə birgə çıxış edən Fransanın və İspaniyanın vergi administrasiyasının qalib gəldiyini bildirib. Azərbaycanın vergi administrasiyası üçün kadr potensialının inkişafında Fransanın dəstəyinin vacibliyini vurğulayan F. Məmmədov bu məsələnin ölkəmiz üçün çox önəmli olduğunu diqqətə çatdırıb. Fransanın vergi orqanlarının elektron audit sahəsində müsbət təcrübələrinin olduğunu vurğulayan nazir, Azərbaycanın vergi orqanlarında çalışan əməkdaşların Fransada uzunmüddətli təcrübə keçməsi təklifini irəli sürüb.
Fransalı nazir bu təklifi məmnuniyyətlə qəbul edərək, məsələ ilə bağlı dərhal baş direktora xüsusi tapşırıq verəcəyini, twinninq layihəsini həyata keçirməkdə Azərbaycana hər cür dəstək göstərməyə hazır olduqlarını bildirib.
Azərbaycan qanunvericiliyində bank məlumatlarının mübadiləsi və şəffaflığın təmin edilməsi sahəsində artıq müvafiq dəyişikliklər edildiyini bildirən vergilər naziri səfər çərçivəsində bank məlumatlarının mübadiləsi ilə bağlı Strasburq Konvensiyasına edilmiş dəyişiklikləri özündə əks etdirən protokolu imzalanacağını da diqqətə çatdırıb.