Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları 2013-cü ilin yanvar-aprel aylarında 113,10 mln. manat həcmində vergi ödənilənədək mənfəət qazanıb. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumatına görə, bu, 2012-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 6,5 dəfə çoxdur.
Yanvar-aprel aylarında bankların faiz gəlirləri 508,07 mln. manat, faiz xərcləri 256,54 mln. manat təşkil edib və nəticədə, faiz mənfəəti 251,53 mln. manata bərabər olub. Eyni zamanda, bankların qeyri-faiz gəlirləri 131,16 mln. manat, qeyri-faiz xərcləri isə 232,13 mln. manat təşkil edib ki, bunun nəticəsində qeyri-faiz əməliyyatları üzrə 100,97 mln. manat həcmində zərər yaranıb.
Maraqlıdır ki, illik müqayisədə bankların mənfəətinin 7 dəfəyə yaxın artması aktivlər üzrə xüsusi ehtiyatlara ayırmaların kəskin azalması ilə əlaqədar olub. Belə ki, ötən ilin 4 ayı ilə müqayisədə faiz mənfəəti 52,99 mln. manat, qeyri-faiz zərəri 23,64 mln. manat artıb, aktivlər üzrə xüsusi ehtiyatlara ayırmalar isə 66,64 mln. manat azalıb. Beləliklə, mənfəətin 95,76 mln. manatlıq ümumi artımının 70%-i məhz həmin 66,64 mln. manatlıq azalmanın payına düşür.
Qeyd edək ki, 2013-cü ilin yanvar-aprel ayları ərzində Azərbaycanın 39 kommersiya bankı mənfəətlə, 4-ü isə zərərlə işləyib. Mənfəətli banklar üzrə məcmu mənfəət 113,49 mln. manat, zərərlə işləyən bankların məcmu zərəri isə 7,48 mln. manata bərabər olub.