"Azərbaycan İnvestisiya Şirkəti sənaye kənd təsərrüfatı, əzcaçılıq, logistika, qida sənayesi sahələrində reallaşdırılan layihələrdə payçı qismində iştirak edib".
"APA-Economics"in məlumatına görə, bunu bu gün Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) icraçı direktoru Rövşən Nəcəf AİŞ-in 2017-ci ilin fəaliyyət nəticələri ilə bağlı keçirilən təqdimatda bildirib.
Onun sözlərinə görə, AİŞ-nin iştirak etdiyi layihələrin ümumi dəyəri 1,2 mlrd. ABŞ dolları olub: "Bunun da 450 milyon dolları xarici investisiyalardır. Azərbaycan İnvestisiya Şirkətinin payçı qismində iştirak etdiyi layihələr 2600 yeni iş yerinin açılmasına imkan yaradıb".
O bildirib ki, sənaye sahəsində dəyəri 300 min avro olan quru istehsal texnologiyasına əsaslanan yeni sement zavodu layihəsində 10 faiz paya malik olan AİŞ 2012-2015-ci illərdə layihədə uğurla iştirak edib: "Azərbaycan İnvestisiya Şirkətinin payçı qismində iştirak etdiyi layihələrdən biri də ümumi dəyəri 470 milyon dollar olan Bakı Gəmiqayırma Zavodudur. Bu zavod yeni gəmilərin və iri tonnajlı tankerlərin tikintisi və təmiri üzrə Xəzər dənizi hövzəsində ən müasir zavoddur. Artıq müəssisədə bir sıra gəmilər, o cümlədən "Xankəndi" gəmisinin tikintisi inşa edilərək istifadəyə verilib. Dünyada yalnız 10 ədəd olan mürəkkəb mühəndislik kəlləri tələb edən "Xankəndi" gəmisinin tikintisinin Azərbaycanda reallaşdırılması ölkəmizin bu sahədə mühüm uğurudur".