APA-nın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bu gün Milli Məclisdə ötən ilki büdcə icrasının müzakirəsi zamanı bildirib.
Nazir qeyd edib ki, 2012-ci ildə ÜDM-in həcmi əvvəlki ilə müqayisədə 2,2% artaraq 54 mlrd. manat, ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 5 884,5 manat təşkil edib. Onun sözlərinə görə, büdcə gəlirləri 17 038 mln. manat proqnoza qarşı faktiki olaraq 17 281,5 mln. manat, xərcləri isə 17 672 mln. manata qarşı 17 416,5 mln. manat təşkil edib.
Hesabat ilində Azərbaycanın valyuta ehtiyatları 14% artaraq 46 mlrd. ABŞ dollarına çatıb, əhalinin gəlirləri isə 13,8% artaraq 34,7 mlrd. manat, orta aylıq əmək haqqı 395 manat olub. Keçən il ölkənin xarici ticarət dövriyyəsinin həcmi 33,6 mlrd. dollar, o cümlədən ixrac 23,9 mlrd. dollar olub. İxracın strukturunda 84,6% xam neft, 5,5% neft məhsulları, 2,7% təbii qaz, 1,1% meyvə və tərəvəz, 6,1% isə digər məhsulların payına düşüb.
Ötən il həmçinin dövlət büdcəsi vəsaitləri hesabına hərbçilərin mənzillərlə təmin olunması üçün 3,31 mln. manat vəsait ayrılıb. Nazir deyib ki, bu vəsait 2012-ci il və 2013-cü ilin 4 ayında hərbçilər üüün 187 mənzilin alınmasına ayrılıb. Bu mənzillər Bakı, Naxçıvan, Sumqayıt və Xırdalan şəhərlərində alınıb.
S.Şərifov deyib ki, 2012-ci ildə makroiqtisadi dayanıqlıq qorunaraq saxlanılıb, əhalinin gəlirləri artıb, qeyri-neft sektorunun, regionların inkişafına vəsait qoyuluşu davam edib, nəzərdə tutulan bütün proqramlar maliyyələşdirilib. Onun sözlərinə görə, sosial sahəyə ayrılan vəsaitlər artırılıb: «Keçən il icmal büdcənin gəlirləri 14,4% çox olub, proqnozlaşdırılandan 2,3 dəfə çox büdcə profisiti əldə edilib. Dövlət büdcəsinin gəlirləri isə ÜDM-də 32%-ə çatıb».
Maliyyə naziri qeyd edib ki, 2012-ci ildə müdafiə xərclərinə 2,899 mlrd. manat yönəldilib. Keçən il elm, səhiyyə, mədəniyyət obyektlərinin tikintisinə 1,451 mlrd. manat sərf olunub. Naxçıvanda investisiya xərclərinin maliyyələşdirilməsinə 130 mln. manat ayrılıb. Dövlət Neft Fondundan daxil olan vəsaitlərdən qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına 300 mln. manat xərclənib.
S.Şərifov aqrar sektora diqqətin davam etdirildiyini vurğulayıb: «Bu məqsədlə dövlət büdcəsindən 112 mln. manat sərf edilib. Regionların sosial-iqtisadi inkişafı nəticəsində büdcəyə 530 mln. vəsait daxil olub: «Keçən il büdcə 634 mln. manat kəsirlə təsdiqlənib. Lakin faktiki olaraq büdcə kəsiri 135 mln. manat təşkil edib. Bu ilin yanvar ayına olan məlumata əsasən, büdcə xəzinəsində 465 mln. manat var. Xahiş edirəm ki, həmin vəsaitdən bu ilki büdcə xərclərinin ödənilməsində istifadə edək».
Müzakirələrdən sonra Azərbaycanın 2012-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi səsə qoyularaq qəbul olunub.