Bakı. Aynur Əliyeva - APA-Economics. Honduras Respublikasının iqtisadi inkişaf naziri Alden Riveranın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, dünən Honduras nümayəndə heyəti Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib.
Həmin gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Honduras Respublikasının iqtisadi inkişaf naziri A.Riveranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdən əvvəl Honduras nümayəndə heyəti Bakı Biznes Mərkəzində təşkil edilmiş Azərbaycanın son 10 ildəki sosial-iqtisadi inkişafına dair sərgi ilə tanış olublar.
İki ölkə arasında mövcud əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair ətraflı fikir mübadiləsinin aparıldığı görüşdə Ş.Mustafayev ölkələrimiz arasında siyasi əlaqələrin inkişaf etdiyini, Honduras nümayəndə heyətinin Azərbaycana səfərinin əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcəyini qeyd edib. Hondurasın ölkəmizin haqlı mövqeyini dəstəklədiyini vurğulayan nazir Honduras Milli Konqresinin Azərbaycan ərazilərinin işğalı və Xocalı soyqırımını tanıyan qərar qəbul etdiyinə görə təşəkkür edib. Görüşdə ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində hüquqi və iqtisadi bazanın yaradılmasının zəruriliyi diqqətə çatdırılıb, iki ölkə arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş layihəsi üzərində iş aparıldığı qeyd olunub.
Hondurasın iqtisadi inkişaf naziri A.Rivera sürətlə inkişaf edən Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün fikir mübadiləsinin aparılmasının əhəmiyyətini qeyd edib. Hondurasın iqtisadiyyatına dair təqdimatında A.Rivera ölkəsində həyata keçirilən dövlət proqramları və potensial layihələr barədə məlumat verib, Azərbaycan iş adamlarını bu layihələrdə iştiraka dəvət edib.
İyulun 12-dək davam edəcək səfər çərçivəsində Hondurasın iqtisadi inkişaf naziri A.Riveranın rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Bayraq Meydanı və “İçərişəhər”lə tanış olub. İyulun 11-də isə nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti ilə tanış olacaq.