Bank Of Baku

Azərbaycan və Monteneqro arasında iqtisadi əlaqələr müzakirə edilib

Azərbaycan və Monteneqro arasında iqtisadi əlaqələr müzakirə edilib
# 05 aprel 2014 13:43 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Monteneqronun turizm və davamlı inkişaf naziri Branimir Qvozdenoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycan və Monteneqro arasındakı əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə edilib.

 

Nazir Şahin Mustafayev Azərbaycan və Monteneqro arasında siyasi, iqtisadi, humanitar və s. sahələrdə ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu, qarşılıqlı rəsmi səfərlərin əməkdaşlığın daha da genişlənməsində böyük rol oynadığını diqqətə çatdırıb. Bildirilib ki, ölkələrimizin böyük potensialı iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli zəmin yaradır. Nazir Şahin Mustafayev əlaqələrin daha inkişaf etdirilməsi baxımından müntəzəm görüşlərin keçirilməsinin, iş adamları arasında əlaqələrin inkişaf etdirilməsinin və bu məqsədlə biznes forumların və işgüzar görüşlərin təşkilinin əhəmiyyətini vurğulayıb. Azərbaycan iqtisadiyyatı, həyata keçirilən layihələr, iqtisadiyyatın prioritet istiqamətləri barədə qonaqlara məlumat verən iqtisadiyyat və sənaye naziri paytaxt Bakı ilə yanaşı, ölkə regionlarının da sürətlə inkişaf etdiyini söyləyib.

 

Bakıda keçirilən Beynəlxalq Turizm və Səyahətlər sərgisində iştirak etmək üçün Azərbaycana gəldiyini qeyd edən Monteneqronun turizm və davamlı inkişaf naziri Branimir Qvozdenoviç ölkəmizə ilk səfərindən, Azərbaycandakı sosial-iqtisadi inkişafdan məmnunluğunu ifadə edib. O, Azərbaycandakı inkişafın ölkəsində maraqla qarşılandığını və Monteneqronun əlaqələrin daha da inkişafında maraqlı olduğunu qeyd edib.

 

Sonra qonaqlar Bakı Biznes Mərkəzində Azərbaycanın sosial-iqtisadi inkişafını əks etdirən stendlərlə tanış olublar.

 

Həmin gün İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Monteneqro işgüzar görüşü keçirilib. Tədbirdə kənd təsərrüfatı, qida sənayesi, tikinti, turizm və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edib.

 

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov işgüzar dairələrin iştirakı ilə keçirilən bu cür tədbirlərin iş adamları arasında əlaqələrin daha da genişlənməsində əhəmiyyətini vurğulamış, sahibkarlara göstərilən dəstək mexanizmləri, eləcə də AZPROMO-nun fəaliyyəti barədə məlumat verib.

 

Monteneqronun turizm və davamlı inkişaf naziri Branimir Qvozdenoviç Monteneqro və Azərbaycan iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün ikitərəfli görüşlərin və biznes forumların əhəmiyyətini qeyd edib, belə tədbirlərin davam etdirilməsinin iqtisadi əməkdaşlığın inkişafına, eləcə də yeni əlaqələrin qurulmasına töhfə verəcəyini bildirib.

 

Tədbirdə Monteneqronun turizm sahəsində investisiya və biznes imkanlarına dair  təqdimat keçirilib, turizm sahəsində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR