Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Tacikistanın xarici işlər naziri Sirociddin Aslov ilə görüşüb.
İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə dövlət başçılarının qarşılıqlı səfərlərinin Azərbaycan və Tacikistan arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişlənməsində əhəmiyyəti vurğulanıb, ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi qeyd edilib.
Bildirilib ki, bu gün iki ölkə arasında iqtisadi sahədə müqavilə-hüquqi baza və mövcud iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial var. Bu potensialdan səmərəli istifadə olunması, birgə sərgi və biznes forumların təşkili ölkələr arasında əlaqələrin, eləcə də iş adamları arasında işgüzar əməkdaşlığın genişləndirilməsinə əlavə imkanlar yaradacaq.
S. Aslov ölkələr arasında ticarət-iqtisadi əlaqələrin inkişaf etdirilməsinin, müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsinin hər iki ölkə üçün faydalı olacağını qeyd edərək, ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulanıb.
Görüşdə təhsil, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlıq imkanları, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.