Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Vergilər Nazirliyinin rəsmi internet saytı vasitəsilə (www.taxes.gov.az/onlineyarishma linkinə daxil olmaqla) məktəblilər arasında vergilərlə bağlı online qaydada ümumrespublika bilik yarışması keçirilib.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, cari ilin mayın 15-dək Bakı şəhəri Vergilər Departamentinin və ərazi vergilər idarələrinin əhatə etdiyi şəhər və rayonların orta məktəb şagirdləri arasında ilkin yarışma və müsabiqələr aparılıb, hər yaş qrupu üzrə bir şagird olmaqla ümumrespublika bilik yarışmasında iştirak etməli olan 39 nəfər namizəd müəyyən edilib.
Yarışma 3 yaş qrupu üzrə - III-V, VI-VIII və IX-XI sinif şagirdlərini əhatə etməklə test üsulu ilə, hər qrupa görə ayrıca sual bazası əsasında aparılıb. Online müsabiqə saat 11:00-da iştirakçının yaşadığı yerə yaxın vergi ödəyicilərinə xidmət mərkəzində və ya vergi orqanında video-müşahidə imkanı yaradılmaqla şəffaf şəraitdə keçirilib. İştirakçılar 90 dəqiqə ərzində müvafiq vergi dərsliklərinə uyğun olaraq sualları cavablandırıb. III-V sinif şagirdləri 25 suala, VI-VIII sinif şagirdləri 30 suala, IX-XI sinif şagirdləri isə 35 suala cavab veriblər. Suallara düzgün və daha tez cavab verən şagirdlər nəticələrə uyğun olaraq hər yaş qrupu üzrə 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülüb, diplomlarla təltif ediliblər.
III-V siniflər üzrə 1-ci yerə Zaqatala rayonu, Z.Əliyeva adına liseyin 4-cü sinif şagirdi Əsədli Aysun Əsəd qızı, 2-ci yerə Şirvan şəhəri, 21 saylı məktəbin 5-ci sinif şagirdi İsmayılov Cavid Rövşən oğlu, 3-cü yerə Şamaxı şəhəri, 9 saylı məktəbin 5-ci sinif şagirdi İbrahimli İrşad Nazim oğlu layiq görülüblər.
VI-VIII siniflər üzrə 1-ci yerə Zaqatala rayonu, 5 saylı məktəbin 6-cı sinif şagirdi Abbasova Aytən İlham qızı, 2-ci yerə Oğuz şəhəri, 1 saylı məktəbin 6-cı sinif şagirdi Salamov Sənan Aqşin oğlu, 3-cü yerə Neftçala şəhəri, 4 saylı məktəbin 6-cı sinif şagirdi Hüseynov Sadiq Tərlan oğlu, IX-XI siniflər üzrə isə 1-ci yerə Bakı şəhəri, Xətai rayonu, 287 saylı orta məktəbin 11-ci sinif şagirdi Kazımova Arzu Elçin qızı, 2-ci yerə Neftçala şəhəri, Humanitar liseyinin 10-cu sinif şagirdi Quliyev Hafiz İlham oğlu, 3-cü yerə İmişli rayonu, 2 saylı məktəbin 10-cu sinif şagirdi Cavadbəyli Kəmalə Akif qızı layiq görülüblər.