Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan fəaliyyət göstərən kommersiya banklarının məcmu kredit qoyuluşlarının həcmi 2013-cü il mayın 1-nə 13 522,1 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin mayın 1-nə nisbətən 3 058,8 mln. manat və ya 29,2% çoxdur. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında qeyd olunub.
Eyni zamanda, bu ilin yanvar-aprel ayları ərzində bankların kredit qoyuluşları 801,6 mln. manat və ya 6,3% artıb.
Kommersiya banklarının kredit portfelinin strukturunda əsas yeri əvvəlki kimi ev təsərrüfatlarına verilən kreditlər tutur. Belə ki, bu cür kreditlərin payına 4 913,7 mln. manat və ya ümumi həcmdən 36,3% düşür.
Bank sistemi üzrə vaxtı keçmiş kreditlərin həcmində artım baş versə də, onun xüsusi çəkisi üzrə azalma tendensiyası müşahidə olunur. Belə ki, son bir ildə vaxtı keçmiş kreditlərin həcmi 35,3 mln. manat və ya 4,9% artaraq 754,7 mln. manata çatıb, lakin problemli kreditlərin xüsusi çəkisi 1,3 faiz bəndi və ya 18,8% azalaraq 5,6%-ə enib.