«APA-Economics»in məlumatına görə, bu, «Malların (işlərin və xidmətlərin) dövlət satınalmalarının açıq tender və kotirovkalar sorğusu üsulları ilə aparılması üçün minimum məbləğlərin və satın alınan xidmətlər barədə bildirişin beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilməsi üçün məbləğin müəyyən edilməsi barədə» Maliyyə Nazirliyinin qərarında nəzərdə tutulub.
Qərarda məqsəd dövlət satınalmaları prosesini yeni reallıqlara uyğunlaşdırmaq və bu prosesin çevikliyini artırmaqdır.
Qərara əsasən, dövlət satınalmalarının açıq tender üsulu ilə aparılması üçün malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin minimum məbləği indiyədək olduğu kimi 50 min manat həddində saxlanıb.
Bundan başqa, dövlət satınalmaları zamanı satın alınan xidmətlərin ümumi qiyməti 10 min manatdan çox olduğu hallarda bu barədə bildiriş həmçinin, beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilir.
Qərarda nəzərdə tutulan əsas dəyişiklik dövlət satınalmalarının kotirovkalar sorğusu üsulu ilə aparılması üçün malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin minimum məbləğinin 5 min manat müəyyən edilməsidir. Xatırladaq ki, indiyədək bu məbləğ 2 min manat olub. Nəticədə, əgər indiyədək 2 min manatdan yuxarı dövlət satınalmaları üçün kotirovka sorğusu elan edilirdisə, indi bu məbləğ 5 min manata qədər artırılıb. Satınalmalar üzrə Dövlət Agentliyindən «APA-Economics»ə verilən məlumata görə, dəyişikliklərdə məqsəd satınalmaların çevik aparılmasıdır: «Belə ki, 2 min manatlıq minimum hədd 2002-ci ildə müəyyən edilmişdi. O vaxtdan indiyədək ötən vaxt ərzində mallar və xidmətlərin qiymətləri artıb. Və nəticədə həmin tələb satınalmaları ləngidirdi. İndi isə dövlət qurumları 5 minədək dəyəri olan mal və xidmətləri sərbəst şəkildə ala biləcəklər».
Yeni qərarın qüvvəyə minməsi ilə indiyədək bu sahəni tənzimləyən digər hüquqi aktlar qüvvədən düşüb.