Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi 2013-cü ilin yanvar-aprel ayları üzrə 1,33 bənd təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, 2013-cü ilin yanvar-mart aylarının göstəricisindən 0,03 bəndi çoxdur:

Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbətidir. Bu nisbət əsas iki xərclər ödənildikdən sonra əhalinin sərəncamında qalan gəlirlərin hissəsini göstərir.
Yanvar-aprel aylarında pərakəndə ticarət dövriyyəsi 5,888 mlrd. manat, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 1,849 mlrd. manat, əhalinin məcmu gəlirləri isə 10,260 mlrd. manat təşkil edib. Beləliklə, gəlirlər əsas xərcləri 2,523 mlrd. manat və ya cəmi 32,6% üstələyir.