Bakı. İlkin Əhmədov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşların həcmi 2014-cü ilin martın 1-nə 15 667,9 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 460 mln. manat və ya 28,3% artıb. O cümlədən, kredit qoyuluşların həcmi bu ilin yanvarında 131,6 mln. manat və ya 0,8% artıb.
Kredit qoyuluşların sahələr üzrə tərkibində ən iri həcm yenə də istehlak kreditlərin payına düşür. Belə ki, ev təsərrüfatlarına verilən kreditlərin həcmi 6 431,4 mln. manat və ya ümumi həcminin 41%-ni təşkil edir. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi son bir ildə 1 862,5 mln. manat və ya 40,8% artıb.
Azərbaycanda kreditləşmənin artımı əsasən istehlak kreditlərin artımının hesabına baş verir.
Qeyd edək ki, həcm və pay üzrə istehlak kreditlərindən sonra gedən digər sahələrdən 13,1%-lik payla “İnşaat və əmlak” və 14,3%-lik payla “Ticarət və xidmət” sahələri qeyd etmək olar.
Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin martın 1-nə 831,6 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 70,6 mln. manat və ya 9,3% çoxdur. Eyni zamanda vaxtı keçmiş kreditlərin xüsusi çəkisi illik müqayisədə 6,2%-dən 5,3%-dək enib.