Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti regionlarda əhalinin sığorta üzrə maarifləndirmə işlərini davam etdirir.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, həyata keçirilən təbliğat və təşviqat tədbirlərinin davamı olaraq, mayın 20-dən etibarən Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin əməkdaşlarının respublikanın 21 şəhər və rayonunda yerli icra hakimiyyəti orqanlarının, digər dövlət qurumlarının, büdcə təşkilatlarının və əhalinin iştirakı ilə icbari sığorta sahəsində maarifləndirmə xarakterli görüşlərin keçirməsi nəzərdə tutulur: «Bazar iqtisadiyyatı şəraitində dinamik inkişaf edən Azərbaycanda əhalinin sosial müdafiəsinin zəruri və əsas amillərindən biri kimi sığorta işi çıxış edir. Dövlət tərəfindən 2011-ci il iyunun 24-də «İcbari sığortalar haqqında» qəbul edilmiş qanun hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, icbari qaydada sığortalanmasını nəzərdə tutur».