Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanın rezidentləri dünyanın 112 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 61 ölkəyə əmtəə ixrac olunub, 108 ölkədən idxal olunub. Bu barədə “APA-Economics”ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Xarici ticarət dövriyyəsi iştirakçılarının 40-ı Avropa, 21-i Amerika, 37-i Asiya ölkələri və digərləridir.
İki ay ərzində xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən 6,4 mlrd. ABŞ dolları, o cümlədən ixrac 5,2 mlrd. dollar, idxal isə 1,2 mlrd. dollar təşkil edib, nəticədə 4,0 mlrd. dollarlıq müsbət saldo yaranıb.
İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı 226,1 mln. dollar təşkil edib.