Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün Bakı şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və Azərbaycan Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə «Çoxmilli müəssisələrin auditi» mövzusunda seminar işə başlayıb. «APA-Economics»in məlumatına görə, 5 gün davam edəcək seminarda İƏİT Katibliyinin, eləcə də Niderland və İsveçin vergi orqanlarının ekspertləri, Azərbaycan, Türkiyə, Belarus, Niderland, İsveç, Ukrayna və Gürcüstanın vergi orqanlarının əməkdaşlarının nümayəndələri iştirak edirlər.
Seminarın açılış mərasimində çıxış edən vergilər nazirinin müavini Sahib Ələkbərov bu tədbirin Azərbaycanda keçirilməsindən məmnunluğunu ifadə edərək, Vergilər Nazirliyinin bir çox beynəlxalq institutlarla fəal əməkdaşlıq etdiyini vurğulayıb. O qeyd edib ki, qloballaşan dünyada transmilli şirkətlərin fəaliyyətinin sürətlə genişlənməsi onların vergi öhdəliklərinin düzgün müəyyən olunması məqsədilə auditin aparılması, vergilərin minimallaşdırılması və vergidən yayınma ilə mübarizə sahəsində səylərin gücləndirilməsi kimi məsələlərdə vergi orqanlarının birgə fəaliyyətini, təcrübə və məlumat mübadiləsinin genişləndirilməsini zəruri edir.
Tədbirdə İƏİT-in Qlobal əlaqələr Departamentinin nümayəndəsi Ubaldo Qonzales İƏİT-in Vergi siyasəti və inzibatçılığı Mərkəzinin fəaliyyəti barədə məlumat verib. Sonra İsveç Vergi Agentliyinin auditoru Jan Montelius və Niderland Vergi və Gömrük Administrasiyasının auditoru Peter Oostdijk çıxış ediblər. Açılış mərasimində «Çoxmilli müəssisələrin xüsusiyyətləri», «Çoxmilli müəssisələrin vergiyə cəlb edilməsi» mövzusunda təqdimatlar edilib. Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin Strateji araşdırmalar İdarəsinin rəisi İmran Qarayev tədbir iştirakçılarını milli vergi sistemi və bu sahədə aparılan islahatlarla tanış edib.
Seminarda transmilli şirkətlərin vergiyə cəlb edilməsi, onlarda auditinin aparılması, vergi planlaşdırılması və vergi orqanları ilə əlaqələrin qurulması istiqamətində mövcud olan milli və beynəlxalq təcrübə ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.