Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakıda Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) İcraiyyə Şurasının 92-ci iclası keçirilib.
“APA-Economics”in məlumatına görə, iclasda çıxış edən İOTA-nın prezidenti, Serbiya Vergi Administrasiyasının baş direktoru Liliyana Xovaçeviç gündəlikdə duran məsələlərlə bağlı açıqlama verib.
L. Xovaceviç bildirib ki, bu iclasda İOTA-nın təşkilati-inzibati məsələləri, eləcə də təşkilatın növbəti Baş Assambleyasına hazırlıq işləri müzakirə olunacaq. Təşkilat rəhbəri Azərbaycanda vergi sahəsində tətbiq olunan qabaqcıl dünya təcrübəsini də yüksək qiymətləndirib. O vurğulayıb ki, digər ölkələr kimi Azərbaycan da rəhbərlik etdiyim təşkilatla uğurlu əməkdaşlıq edir və üzərinə düşən öhdəliyi uğurla yerinə yetirir.
Azərbaycanın vergilər nazirinin müavini Sahib Ələkbərov Azərbaycanın 2002-ci ildən İOTA-nın İcraiyyə Şurasının üzvü olduğunu xatırladıb və bunun əməkdaşlıq üçün yeni imkanlar açdığını qeyd edib.
O bildirib ki, Azərbaycan bu imkanlardan bundan sonra da faydalanmağa çalışacağıq. O, İOTA-nın təcrübə aparmaq üçün uğurlu platformalardan olduğunu qeyd edib: “Vergilər nazirliyi dünyada mövcud olan ən qabaqcıl təcrübələrin Azərbaycana gətirilməsi və tətbiqi ilə bağlı mümkün olan bütün addımları atmağa çalışır. Bu məqsədli vaxtaşırı olaraq əməkdaşlarımız beynəlxalq ölkələrin təcrübəsindən yararlanmaq üçün xarici ölkələrdə səfərdə olur və beynəlxalq tədbirlərdə iştirak edirlər. Bu tədbirin Bakıda keçirilməsi də İOTA-nın Azərbaycanda vergi sahəsində qabaqcıl təcrübənin tətbiqinə xüsusi önəm verdiyini bir daha özündə sübut edir və bunların öyrənilməsinə və dünya təcrübəsi əsasında yaymağa çalışır. Biz qətiyyətlə deyə bilərik ki, Azərbaycan da vergi sahəsində yeni təcrübələr formalaşmaqdadır”.
Qeyd edək ki, iclasda İOTA-nın informasiya platformasının hazırlanması, bununla belə sözü gedən təşkilatın yeni veb-saytının işlərinin gedişinin, 2013-cü ildə təşkilatın texniki və maliyyə hesabatlarının qarşıdakı il üçün maliyyə büdcəsinin hesablanması və digər aktual məsələlər müzakirə edilib. İcraiyyə Şurasının işində İOTA-ya üzv dövlətlərin o cümlədən Serbiya, Avstriya, Finlandiya, İrlandiya, İtaliya, Niderland, Böyük Britaniya vergi xidmətlərinin, eləcə də təşkilatın digər nümayəndələri iştirak ediblər.