Bakı. Rüfət Əhmədzadə - APA. Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının təşkil etdiyi BRİCS birliyinin yeni bankı yaradılıb.
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Braziliyanın Fortaleza şəhərində keçirilən VI BRİCS sammitində birliyin ümumi maraqlarına cavab verəcək və maliyyə dayaqlarını möhkəmlədəcək bankın yaradılması üçün 100 milyard dollar vəsait ayrılıb.
Yeni İnkişaf Bankı adlanacaq bu maliyyə təşkilatı Çinin Şanxay şəhərində yerləşəcək və ilk beş ildə ona Hindistan rəhbərlik edəcək, sonrakı dövrlərdə isə sədrlik Braziliya və Rusiyaya keçəcək.
Bildirilir ki, artıq ilkin büdcəsi formalaşmış bankın fəaliyyəti inkişaf etməkdə olan ölkələrdə infrastrukturun formalaşmasına, yeni layihələrin gerçəkləşməsinə sərmayə yatırmağa yönələcək. Yeni İnkişaf Bankının alternativ maliyyə nəhəngi kimi Qərbin maliyyə institutları ilə rəqabət aparacağı qeyd edilir.