Bank Of Baku

Ekspert: “Yerli vergi öhdəliklərinin nağd ödənişinə qadağa qoyulması məqsədəuyğun deyil”

Ekspert: “Yerli vergi öhdəliklərinin nağd ödənişinə qadağa qoyulması məqsədəuyğun deyil”
# 23 may 2014 12:28 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Milli Məclisin Regional məsələlər komitəsinin 19 may tarixli iclasında “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna dəyişiklik təklif edilib. Təklif qəbul edilərsə, yerli vergi və ödənişlərin ödənilməsi yalnız banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçiriləcək”. Bunu “APA-Economics”ə iqtisadçı-ekspert Samir Əliyev bildirib.

 

Onun sözlərinə görə, yerli vergi öhdəliklərinin nağdsız qaydada ödənişi şəffaflıq və hesabatlılıq baxımından vacib olsa da, indiki dövrdə nağd ödənişlərə qadağanın qoyulması məqsədəuyğun deyil: “Əsas problem kənd yerlərində ödəniş üçün zəruri infrastrukturun olmamasıdır. Belə çıxır ki, kənd əhalisi hər dəfə vergi və ödənişləri ödəmək üçün bir neçə kilometr məsafə qət edib rayon mərkəzinə getməlidir. Halbuki bu vaxta qədər yaşadığı evin bir neçə yüz metrliyində yerləşən bələdiyyəyə pul ödəməkdə maraqlı deyildi. Güman ki, “Azərpoçt” MMC-nin yerli poçt şöbələrinə yerli vergi və rüsum qəbulu səlahiyyəti veriləcək. Ancaq nəzərə alaq ki, hazırda ölkədə 1606 poçt şöbəsi fəaliyyət göstərir, kənd yaşayış məntəqələrinin sayı isə təxminən 4255-dir. Göründüyü kimi, hər 5 kənddə 2 poçt şöbəsi düşür. Deməli, hətta bu addım əhalinin maliyyə müəssisələrinə əlçatanlıq problemini həll edə bilməyəcək”.

 

S.Əliyev qeyd edib ki, ikinci əsas problem xərclərin artmasıdır. Belə ki, 2013-cü ilin məlumatına görə, yerli vergi yığımının həcmi 11,5 mln. manat olub. Bu hesabla adambaşına düşən vergi ödənişi 1 manat 20 qəpik olub: “Orta hesabla hər ailə il ərzində yerli büdcəyə 4,8 manat pul ödəyib. Bank vasitəsilə vergi ödənişi üçün xidmət haqqı isə hazırda 40 qəpikdir. Deməli, hər ailə vergidən əlavə 40 qəpik ödəməlidir ki, bu da onun vergi yükünü 8% artırır. Bura uzaq məsafədə olan maliyyə müəssisəsinə getmək üçün nəqliyyat xərcini də əlavə etsək onda xərclərin daha çox olduğunu görərik”.

 

Ekspert deyib ki, nağdsız ödənişin inkişafı vacibdir: “Onun stimullaşdırılmasının əsas şərtlərindən biri də nağd ödənişə məhdudiyyətin tətbiqidir. Ancaq indiki məqamda qadağanın bələdiyyələrə tətbiqi arzuolunmaz fəsadlar törədə bilər. Ona görə də yerli vergi və rüsum ödənişində nağdsız ödəniş inkişaf etdirilməklə yanaşı, nağd ödəniş mexanizmi də bir müddət saxlanılmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR