Bakı. Əli Əhmədov – APA-Economics. İstanbul Fond Birjası Azərbaycan şirkətlərinin dünya kapital bazarlarına çıxmasına dəstək verməyə hazırdır. «APA-Economics»in məlumatına görə, bu barədə jurnalistlərə İstanbul Fond Birjasının sədr müavini Mustafa Baltaçı bildirib.
Onun sözlərinə görə, İstanbul Fond Birjası daha geniş imkanlara malikdir: «Təkcə 2012-ci ildə İstanbul Fond Birjasında 26 IPO keçirilib. Azərbaycan bazarının imkanlarının məhdud olmasını nəzərə alaraq, Azərbaycan şirkətlərini əməkdaşlığa dəvət edirik. Azərbaycan şirkətlərinə təklif edirik ki, 10% həcmində IPO (səhmlərin ilkin yerləşdirilməsi) həyata keçirməyi nəzərdə tutan şirkətlər onun 7-8%-ni İstanbulda, 2-3%-ni Bakıda aparsın. Çünki Bakıda kapital bazarı bütün emissiyanı həzm etmək iqtidarında deyil».
M.Baltaçının sözlərinə görə, keçən il keçirilən IPO-ların hər biri çox uğurlu olub: «Səhmlərin ilkin yerləşdirilməsində böyük tələbatla qarşılaşırıq. Səhmlərini İstanbul birjasında yerləşdirmək istəyən şirkətlər broker şirkətlərinə müraciət edə bilərlər. Bu cür əməliyyatlar Azərbaycan fond bazarının inkişafına gətirib çıxaracaq».