"Xarici ölkələrin bir çoxunda olduğu kimi fond bazarlarından maliyyələşmə məsələsi bizim üçün də aktual olmalıdır".
"APA-Economics"in məlumatına görə, bunu "Kapital bazarları vasitəsilə maliyyələşməmə, listinq və investisiyalar" adlı konfransda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev deyib. Onun sözlərinə görə, fond bazarından cəlb edilmiş vəsaitlər daha sərfəlidir. M.Musayev qeyd edib ki, Azərbaycanın intensiv iqtisadi inkişafının nəticəsi olaraq təsərrüfat subyektlərinin uzunmüddətli maliyyə vəsaitlərinə tələbi artmaqdadır: "Bu baxımdan fond bazarının rolu daha da yüksəlir".
M.Musayev vurğulayıb ki, maliyyə təsisatlarının və kapital bazarlarının tənzimlənməsi istiqamətində Qiymətli Kağızlar Komissiyalarının Beynəlxalq Təşkilatının təkliflərini reallaşdırılması istiqamətində təşəbbüslər davam etməlidir: "Şəffaf və effektiv bazarların təmin edilməsi məqsədilə qiymətli kağızlar bazarına dair qanunvericilik bazası təkmilləşdirilməli, bazar iştirakçılarının hesabatlılıq sistemi inkişaf etdirilməlidir".
M.Musayev şirkətləri Listinq Məsləhət Proqramında iştiraka dəvət edib. Onun fikrincə, bu proqram şirkətlərə yeni perspektivlər və imkanlar yaradacaq.