“Hazırda özünü məşğulluq proqramı çərçivəsində seçim prosesi gedir. Ayrı-ayrı rayon və regionlar üzrə bu proqrama cəlb olunacaq ailələrin sayı müəyyənləşdirilir”.
APA-nın şimal bürosunun məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov deyib. O bildirib ki, müvafiq məşğulluq mərkəzləri və dövlət məşğulluq xidmətinin mərkəzi ofisi ilə yanaşı, bu prosesə inkluzivliyi təmin etmək üçün Birləşmiş Millət Təşkilatının (BMT) inkişaf proqramı da qoşulub.
“Əlililiyi olan şəxslərin bu proqrama ayrıca olaraq cəlb olunması nəzərdə tutulub. Ona görə də onlar bu proqrama qoşulublar. Hazırda onlar seçim prosesini həyata keçirməklə məşğuldurlar”.
Nazirin sözlərinə görə, yaxın zamanlarda seçim prosesi başa çatacaq və bundan sonra biznes planların tərtib olunması üçün həmin şəxslər bir aya ərzində təlimlərə cəlb olunacaq. “Onlar kiçik biznesin idarə olunması üçün müvafiq biliklərə yiyələnəcəklər. Bundan sonra onlar öz biznes planlarının hazırlayacaqlar və biz də bu biznes planlar əsasında onların müvafiq aktivlərlə təmin olunması və öz ailə təsərrüfatlarının yaradılması üçün şərait yaradılacaqdır”.
Nazir deyib ki, prezident İlham Əliyevin tapşırığına əsasən, 6-7 min ailənin bu prosesə cəlb olunması nəzərdə tutulur. Hazırda işsizlikdən sığorta fonduna vəsaitlərin yığılması prosesi gedir. "Bu vaxta kimi fonda 2 ay ərzində 4 milyondan çox vəsait toplanıb. Düşünürəm ki, ilin sonunda bizim düşündüyümüz 89 milyondan çox vəsait toplanacaq ki, bunun da bir faizdən çoxu özünü məşğulluq proqramına yönləndiriləcək” .